“Dünyanın təhsil mənzərəsi”

“Dünyanın təhsil mənzərəsi” ABŞ-da məktəb-valideyn əlaqələri necə nizamlanır?
Amerika məktəblərində valideyn və şagirdlərin müəllimlərə bayramlar münasibətilə hədiyyə təqdim etməsi, incə zövqlə hazırlanmış mərasimi xatırladır. Bu, maraqlı bir təcrübədir. Şagirdlər müəllimləri il ərzində iki dəfə təbrik edirlər: qış semestrinin və dərs ilinin sonunda... Məktəb Valideyn Assosiasiyası (bəzi məktəblərdə bu, Məktəb-Müəllim-Valideyn Assosiasiyası adlanır) şagirdlərdən üzvlük haqqı toplayır. Bu, tam olaraq könüllülük əsasında həyata keçirilir və 5-7 dollar məbləğində təşkil edir. Əgər siz üzvlük haqlarının toplanmasında iştirak etmirsinizsə, bu, sizin şəxsi işinizdir və heç kəs sizi buna bu və ya digər formada məcbur edə bilməz. Hədiyyələrin seçimi etika komissiyasının və Təhsil Departamentinin müəyyənləşdirdiyi qaydalar əsasında aparılır. Bu, əksər hallarda açıqcalardan ibarət olur. Doğrudur, hər bir valideyn özü də şəxsən müəllimi təbrik edə bilər, amma bu, vacib deyil. Əgər valideyn müəllimi şəxsən təbrik etmək arzusunda olsa belə, bu hədiyyənin məbləği 50 dollardan artıq olmamalıdır. Amerika müəllimləri şagirdlərdən hədiyyə kimi aldıqları məktubları daha çox qiymətləndirirlər. Bu məktublar müəllimlərin portfoliolarında toplanır. Müəllim gələcəkdə öz iş yerini dəyişmək, yaxud dərəcəsini artırmaq üçün imtahan verərsə, bu məktublar onun peşəkar fəaliyyətini dəyərləndirmək baxımından əhəmiyyət daşıyır. May ayında Amerika məktəblərində “Müəllimlərə minnətdarlıq həftəsi” təşkil olunur. Həftə ərzində Valideyn Assosiasiyası məktəbin bütün əməkdaşları üçün səhər süfrəsi, nahar təşkil edir. Elə bu mərasimlərdə də Assosiasiyanın büdcəsindən müəllimlərə kiçik hədiyyələr verilir. Amerikanın məktəblərində hər ay ölkənin tarixi ilə bağlı tədbir keçirilir. Məsələn, fevral ayı Afrika-amerikan mədəniyyətinə, sentyabr-oktyabr ayı Latın Ameriakası irsinə, mart ayı qadınlara, hüquq bərabərliyi uğrunda mübarizənin təbliğinə həsr olunur. Bu tədbirlər ərzində məktəblərdə tematik sərgilər, xüsusi dərslər təşkil edilir. Məktəblərdə il ərzində bir dəfə keçirilən “Beynəlxalq gün” tədbirləri də valideynlərin yaxından iştirakı ilə baş tutur. Həmin gün məktəblərdə təhsil alan əcnəbilər hər biri öz milli geyimində məktəbə gəlir və öz ölkəsinin tarixi, mədəniyyəti, adət-ənənələri haqqında danışır. Axşam isə “şam yeməyi” təşkil edilir. Müxtəlif millətlərdən olan ailələr öz mətbəxlərinin zənginliyini göstərirlər. Amerikada valideyn iclasları məktəbin həyatında ən önəmli rol oynayan faktorlardan biridir. Valideyn Assosiasiyasını Təhsil Departamenti məmurlarından da böyük güc hesab edirlər. Onlar könüllülük prinsipi ilə işləyirlər. Assosiasiyanın fəaliyyəti ilə tanış olduqda da bu qənatə gəlmək mümkündür: Valideyn iclasları məktəbdə ay ərzində bir dəfə keçirilir. İldə bir dəfə isə təşkilatın ümumi toplantısı keçirilir. Toplantıda Assosiasiyanın prezidenti, vitse-prezidenti, mühasibi seçilir. Qeyd edim ki, Təhsil Departamenti Valideyn Assosiasiyasının razılığı olmadan məktəbə direktor təyin edə bilmir. Direktor isə öz növbəsində ayda bir dəfə Valideyn Assosiasiyası üzvləri qarşısında hesabat verir. Valideyn Assosiasiyasının icazəsi olmadan ərazinin polis idarəsi məktəbin mühafizəsini dəyişmək hüququna malik deyil. Bu kimi mühüm məsələlər valideynlərin “hə”, yaxud “yox” cavabı ilə həll edilir. Validenyn Assosiasiyasının üzvləri öz toplantılarına ərazinin rəhbərliyini dəvət edir, rayon büddəcində məktəb üçün vəsait ayırmaları barədə onların hesabatını dinləyirlər. Əgər ehtiyac olarsa, valideynlər ştatın senatına müraciət edirlər.
Amerikanın məktəblərində mütəmadi olaraq kitab satış-yarmarkaları ilə rastlaşmaq mümkündür. Bu yarmarkaları müxtəlif təşkilatlar məktəbin Valideyn Assosiasiyası ilə birlikdə təşkil edir. Bu zaman həm assosiasiya, həm də təşkilatlar vəsait əldə edirlər. Valideynlər tərəfindən qazanılan vəsait məktəbin kitabxana fonduna daxil edilir və lazımı ehtiyaclara sərf olunur. (ardı var)

Böyükağa MİKAYILLI


Mənbə: www.education-medelle.com
http://www.bereg.ru
https://edunews.ru

Oxşar xəbərlər