Növbəti günlərdə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq

Növbəti günlərdə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 7-nə olan kosmik hava durumunu açıqlayıb.
Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Əldə olunan koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb.
Son 24 saat ərzində Günəş küləyi parametrlərinin artması müşahidə olunub. Günəş küləyinin sürəti 350 km/saniyədən 450 km/saniyəyə qədər artıb. Geomaqnit sahə son 24 saat ərzində fasilələrlə nizamsız fəallıq şəraitlərinin meydana gəlməsinə baxmayaraq ümumən sakit olub.
Proqnoz günlərində (7-9 fevral) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 2 MeV-dən çox enerjili elektron selinin ilk iki gün ərzində (7-8 fevral) orta və yüksək səviyyədə qalacağı gözlənilir. Bu günlərdə elektron selinin yüksəlməsi əsasən CIR (Co-rotating Interaction Region – Müxtəlif sürətli axınların qarşılıqlı təsir oblastı) təsirinə bağlıdır. CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin uzunmüddətli təsiri səbəbindən üçüncü proqnoz günü (9 fevral) elektron selinin yüksək səviyyəyə qalxacağı gözlənilir. 10 MeV-dən çox enerjili proton seli proqnoz dövründə (07-09 fevral) fon səviyyələrində davam edəcək.
Proqnoz dövründə ilk gün (7 fevral) fasilələrlə fəal şəraitin - zəif həyəcanlanmanın davam edəcəyi istisna olunmur. Növbəti iki proqnoz günü isə (8-9 fevral) mənfi qütblülüyə malik CH HSS effektinin təsirindən fəal şərait periodlarının sayca artacağı gözlənilir. Buna baxmayaraq, proqnoz günlərində maqnit qasırğasının başvermə ehtimalı 10 faizdən aşağı qiymətləndirildiyindən geomaqnit sahə sakit rejimdə qalacaq.

Tehsil-press.az

Oxşar xəbərlər