“SABAH III” Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş olub

“SABAH III” Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş olub Bakı Dövlət Universitetində (BDU) “SABAH III” Karyera Qış Məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirilib.
“SABAH” qruplarının icra komitəsinin tədris işləri üzrə meneceri Eldar Qocayevin təqdimatı dinlənilib.
Təhsil nazirinin müavini, BDU-nun rektoru vəzifəsini icra edən Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanları barədə ətraflı məlumat verib, dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb.
“SABAH” qruplarının əsas məqsədinin ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, əmək bazarının artan tələblərinə uyğun şəkildə kadr hazırlığının təmin edilməsi olduğunu deyən Firudin Qurbanov bu qrupların gənclər üçün açdığı imkanlardan danışıb. Qeyd edib ki, “SABAH” qruplarının 2018-ci il məzunlarının 37 faizi Azərbaycanda, 16 faizi xarici ölkələrdə magistraturaya qəbul olunub, 30 faizi işlə təmin edilib.
Digər çıxış edənlər Azərbaycan gənclərinin inkişafına göstərilən dövlət dəstəyi, əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması ilə bağlı görülən işlər barədə fikirlərini bölüşüblər.
“SABAH” Karyera Akademiyası 2017-ci ildə “SABAH” məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.
Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. “SABAH” Karyera Akademiyası çərçivəsində “SABAH” Karyera İnkişafı Sərgisi, “SABAH” Xaricdə Təhsil Sərgisi, “SABAH” İnnovasiya Forumu təşkil edilib.
“SABAH III” Karyera Qış Məktəbi 80 tələbəni əhatə edir. Fevralın 14-dək davam edəcək tədbir çərçivəsində karyera quruculuğunun nəzəri, praktiki və aktual mövzuları üzrə təlimlər keçiriləcək. Təlimlər Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində təşkil olunacaq.
Qış məktəbi IV kursda təhsil alan “SABAH” tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər “(Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və fərdi təlimçilər qış məktəbinin təşkilinə yaxından dəstək göstərəcəklər.
Həmçinin “SABAH” layihəsinin əməkdaşları üçün “Ali təhsillin idarə olunmasının qanunvericilik və texniki aspektləri” mövzusunda xüsusi seminar təşkil olunacaq.
“SABAH” Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2 min 300-dən çox tələbəni əhatə edir.
Tədbir iştirakçıları sırasında “SABAH” qrupları layihəsinin əməkdaşları, “SABAH” Karyera Akademiyasının rəsmi tərəfdaşları da olub.

BDU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər