İtaliyanın məşhur şirkəti Bakı Ali Neft Məktəbində tədqiqat mərkəzi açacaq

İtaliyanın məşhur şirkəti Bakı Ali Neft Məktəbində tədqiqat mərkəzi açacaq Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın məşhur “Maire Tecnimont” şirkətinin Azərbaycandakı nümayəndəliyi olan “KT-Kinetics Technology” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə BANM-in rektoru Elmar Qasımov bildirib ki, artıq neçə ildir ali məktəblə “Maire Tecnimont” şirkəti arasında olan əməkdaşlıq öz bəhrəsini verməkdədir. Bu illər ərzində şirkətin Azərbaycan nümayəndəliyi tərəfindən ali məktəbin tələbələri təcrübə inkişaf proqramlarına cəlb olunub, məzunlar seçilərək işlə təmin olunub, şirkət rəhbərliyi tərəfindən tələbələr üçün təlimlər və ustad dərsləri keçirilib.
“KT-Kinetics Technology” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern bildirib ki, özünün də müəllim olaraq çalışdığı BANM ilə əməkdaşlıq “Maire Tecnimont” və onun bir qolu olan “KT-Kinetics Tecnology” şirkətinin korporativ sosial məsuliyyət proqramının bir hissəsi kimi çox böyük əhəmiyyətə malikdir. Görüşdə “Maire Tecnimont” şirkətinin tədqiqat və inkişaf departamentinin rəhbəri Barbara Picutti təmsil olunduğu şirkətdə tədqiqat, innovasiya və inkişafa dair təqdimatla çıxış edib.
Daha sonra tərəflər arasında elmi tədqiqat və inkişaf sahəsində əməkdaşlıq edilməsi üzrə istiqamətlər müzakirə edilib. Bildirilib ki, “Maire Tecnimont” şirkəti tərəfindən ali məktəbə təhsil, tədqiqat və istehsalat proseslərini öyrənmək üçün müasir laboratoriya verilməsi kimya mühəndisliyi kafedrasının bu sahədə olan ehtiyaclarının qismən ödənilməsinə və tələbələrin bu sahədə inkişafına öz töhfəsini vermiş olacaq.
Qeyd edək ki, yaxın günlərdə “Maire Tecnimont” şirkəti tərəfindən BANM-in kimya mühəndisliyi kafedrasında polimer laboratoriyasının açılışı gözlənilir.

BANM-in Mətbuat Xidməti

Oxşar xəbərlər