Dəbdəbəli məzarlarla bağlı qanun layihəsi gecikir - səbəb

Dəbdəbəli məzarlarla bağlı qanun layihəsi gecikir - səbəb Deputat: “Görünür, belə bir qanunun qəbulu kimlərəsə sərf etmir...”
Azərbaycanda ildən-ilə məzar daşlarının, qəbir yerlərinin qiyməti qalxır. İnsanlar bundan narahat olsa da, “el qınağı” deyib, qonşudan geri qalmamaq üçün rəhmətə gedən yaxınlarına dəbdəbəli məzar düzəltdirirlər.
Ölkəyə gətirilən mərmərin, qranitin qiyməti artırılıb. Konkret qiymətlərə gəlincə, Çindən gətirilmiş ağ mərmərdən başdaşı 1000 manata başa gəlir. Çin daşları keyfiyyətsiz olduğu üçün bir müddət sonra çatlayır, rəngini dəyişir. Ona görə də insanlar əsasən daha bahalı olan İtaliya, Hindistan daşına üstünlük verirlər. Bu ölkələrdən gətirilən mərmərin qiyməti 3-4 min manatdır.
Lakin xərc təkcə başdaşı ilə bitmir. Dəbdəbəli məzarların yerləri də bahadır. Belə ki, “Qurd qapı”sı qəbiristanlığının boş qalan arxa massivində yerlər 5000 manatdır, girişə yaxın yer götürmək isə 7000 manatdan aşağı deyil. Biləcəridə 500-600, Xırdalanda 1000-1500, Günəşlidə 600-1000, Qaraçuxurda 500-700, Hövsanda isə məzarlıqlarda qəbir yerləri 300-400 manatdır. Nisbətən ucuz məzar daşı sifariş verənlərin isə 1000-1200 manatı çıxır.
Dəbdəbəli məzarlarla bağlı hələ 2017-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təkliflər hazırlamışdı. Layihə Milli Məclisdə müzakirə edildi, məzar üçün götürüləcək ərazidən tutmuş, başdaşıların ölçüsünə qədər standartlar müəyyənləşdirilmişdi. Amma qanun hələ də qəbul edilməyib.
Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2017-ci ilin sentyabr ayında bildirmişdi ki, qəbul olunan qərara görə, qəbiristanlığın salınması, qəbirlərin ölçüsü, onların yerləşdirliməsi ilə bağlı bəzi ümumi standartlar tətbiq ediləcək: “Bu qaydalar yenilənir və yaxın günlərdə bununla bağlı qərar qəbul olunacaq. Qaydalara görə, qəbirlər üzərində dəbdəbəli daşların qoyulması, ölçülərdən kənara çıxılması olmayacaq. Qəbirlər və sinə daşları vahid ölçüdə olacaq və bu ölçülər tətbiq olunan zaman İslam dininin bununla bağlı bütün qaydalarına əməl olunacaq”.
Bəs bu qərarın qəbulu niyə gecikir? Deputat Fazil Mustafa ehtimal edir ki, müəyyən qüvvələrin marağına uyğun gəlmədiyi üçün hələ ki gündəmə çıxarılmır: “Necə ki, xatırlayırsınızsa, tütün əleyhinə də qanun qəbul etmişdik. Ancaq bu qanun da işləmir. Çünki qanundan güclü qüvvələr var ki, onlar qanunun işləməsinə imkan vermirlər. Burada da, görünür, məsələ oxşardır. Qanunu qəbul etmək üçün belə başa düşülür ki, şərtlər uyğun deyil. Bunun başqa səbəbi olmamalıdır. Əks halda, qanun çoxdan qəbul edilməli idi ki, insanlar bu cür milli və dini adətə zidd olan formada yüklənmələrinin yanlış olduğunu görsünlər. İnsanlar özlərinin işlərini asanlaşdırmağa çalışmalıdır. Bu, çox problemli məsələyə çevrilsə də, əslində sadə prosesdir.
Bir qərar qəbul edib, hamının da buna əməl etməsini təmin etmək lazımdır. Azərbaycan üçün bu istiqamətdə maarifçilik bir qədər çətin keçir. Şöhrətpərəstlik, başqasını müəyyən dərəcədə razı salmaq xəstəliyi insanları çətin duruma salır. Kimə başa sala bilərsən ki, yası bu cür keçirmə? Hamısı deyir ki, camaat deyər ehsan verməyə qıymadı. Elə düşünürlər ki, camaat gəlib, filan şey deyəcək, belə düşünəcək. Ona görə də özlərini əziyyətə verib, borca düşüb ehsan verir, dəbdəbəli başdaşı alırlar. Ona görə də qəbirdaşları məsələsinə də bu kontekstdən baxmaq lazımdır. Vahid bir qanun qoyulmalı və buna da əməl edilməlidir. Əks halda, bunu Azərbaycan xalqının üzərinə buraxsan, heç nə dəyişməyəcək. Düşünməyək ki, xalq özü bunun zərərini görüb, qaydaları dəyişəcək. Belə bir şey mümkün deyil. Çünki biz xeyrimizə olanı nə yeyirik, nə içirik, nə yaşayırıq, nə də oxuyuruq. Təəssüf ki, bizim yalnız zərərli şeylərə meylimiz böyükdür. Ancaq müqayisə zəminində nələrisə oxumağa, mənimsəməyə çalışırıq. Nəticə də budur ki, problemləri həll edə bilmirik”.

Əli RAİS



Oxşar xəbərlər