Ömrümüzün yarısı bu əfsanəni eşitməklə keçdi, amma sona qədər də onun gerçək olduğuna dair bir nəm-nişan, dəlil-sübut ortaya çıxmadı.
Hətta sovet dövrünün axır illərində bununla bağlı daha bir şayiə yayılmışdı: guya məşhur müğənnimiz Rəşid Behbudov Hindistanda olan zaman mənfur komissarın o ölkədə yaşamış olduğuna dair sənəd-sübut əldə edibmiş, ona görə də Kreml sirrin açılmaması üçün sənətkarı aradan götürüb...
“Hitler heç də intihar etməyib, gizli yollarla Argentinaya qaçıb, orada 100 yaşına qədər yaşayıb”. Ötən əsrdə bu barədə saysız-hesabsız konspiroloji məqalələr yazılıb. Məlun nasist tirajlı adam olduğu üçün bu sayaq yazıların ardı-arası kəsilmirdi. Amma yenə ortada nə bir mötəbər sənəd, nə də bir şəkil vardı. Eləcə, qəzetlər yazır, tiraj yığırdılar. Adamı bür turlu “ölməyə” qoymurdular.
“Yuri Qaqarin heç də təyyarə qəzasında ölməyib. O yan-bu yan danışdığı üçün sovet hökuməti onu bunkerdə gizlədib ki, əl-ayağa dolaşmasın və ətrafında düzəldilmiş mif dağılmasın”. Bu nağıla da 40 il qulaq asdıq, amma nə Qaqarin özü gəlib çıxdı, nə dostu Əbdürrəhman Vəzirov onun harada gizlədildiyini dedi, nə də başqa biri ilk kosmonavtın sonrakı taleyindən xəbər verdi.
1991-ci ilin 20 noyabrında ermənilərin Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurduqları hərbi vertolyotumuzda həlak olanlardan bir neçəsinin sağ olduğu, Ermənistanda əsir kimi saxlanıldığı barədə də uzun müddət spekulyativ söhbətlər gedirdi. And içənlər vardı. Amma konspiroloji nəzəriyyələr yenə heç-puç oldu.
Bənzər şayiələr 2011-ci ilin may ayının 2-də Pakistanın Əfqanıstanla sərhədinin yaxınlığındakı Abdoltabat yaşayış məntəqəsində ABŞ desantları tərəfindən öldürülən Üsamə bin Laden haqqında da yayılmışdı. Deyirdilər ki, ABŞ hərbi-dənizçiləri əslində onu öldürməyiblər, diri tutub ABŞ-yə aparıblar, bunkerdə saxlayırlar. Sanki bin Laden nüvə fiziki-zaddır, onun beynindən istifadə ediləcəkmiş. Prezident Obama isə Ağ Evin qarşısındakı çəmənlikdə brifinq keçirir, bin Ladenin məhv edildiyini, külünün Sakit okeana səpildiyini bəyan edirdi.
Ola bilər, hələ də bin Ladenin sağ olduğunu deyənlər və bu söhbətə inananlar var.
Budur, Rusiyada təsis edilmiş “Vaqner” özəl hərbi şirkətinin sabiq sahibi Yevgeni Priqojinin də sağ olduğu barədə “sensasion” iddia yayılıb. Özünü Priqojinin döyüşçüsü kimi təqdim edən bir şəxs açıqlama yayıb ki, Priqojin 2023-cü ilin avqustun 23-də “qəzaya uğrayan” təyyarədə Priqojin olmayıb.
Yuxarıdakı cümlələrdə “sensasion” və “qəzaya uğrayan” sözlərinin dırnaq işarəsi arasına alınması təsadüfi deyil. Çünki ortada olan iddianın sensasion tərəfi yoxdur. Bu sözü Putinin yanında desələr, gülər, “neujeli” deyər. Ona görə ki, ona Priqojinin təyyarədə olduğunu və öldüyünü, rus demişkən, “doskanalnı” məruzə etmişdilər, o da yaydığı açıqlamada Priqojinin həlak olmasına görə təəssüfünü bildirmişdi. Nə yəni, o boyda prezident Priqojinin öldüyünü və ya Afrikada olduğunu bilmir, amma bir əsgər bilir?
“Qəzaya uğrayan” sözü də ona görə dırnaq işarəsi arasına alınıb ki, baş verən hadisə qəza və ya bədbəxt hadisə deyildi. Qəza avqustun 23-də olmamışdı, iyunun 23-də olmuşdu, həmin gün Priqojinin “Vaqner”i Rusiya dövlətinə silah qaldırmış, Moskvaya tərəf irəliləmişdi. Belarus prezidenti Lukaşenko araya girməsə biabırçılıq olacaqdı. Bax, həmin gün Priqojinin “qəzaya uğrayacağını” yazanlar vardı. Onlardan biri də, təvazökarlıqdan Tver vilayətinin Boloqovski rayonunun Kujenkino kəndi qədər uzaq olsa da, deyim ki, bu sətirlərin müəllifiydi. Avqustun 23-də isə Priqojinin qiyamının 2 ayı tamam olurdu, “təsadüfən” ömrü də tamam oldu.
Yox, Jenya Afrikadaymış. Düzdür, ola bilər, Priqojin isti bir yerdədir, amma dəqiq Afrikada deyil.
Belə nağılların uydurulması həmişə olub, azı 1992 il öncədən, İsa peyğəmbərin çarmıxa çəkilməsindən bəri var. Onun ardıclıları illərlə iddia ediblər ki, İisus ölməyib, qeybə çəkilib, bir gün qayıdıb gələcək. Aradan 2000 ilə yaxın vaxt keçib, onu hələ də milyonlarla gözləyən var.
Öldüyünə inanılmayan, qeybə çəkildiyi deyilən bir tarixi şəxsiyyət də var, amma ta onun adını çəkmirəm. Bilən bilir, bilməyən də biləcək. Desəm ki, qeyb və zühur barədə deyilənlər nağıldır, bir xeyli adam hiddətlənər. Kim inanır, qoy inansın, ziyanı yoxdur.
Bu psixoloji məsələdir. İlahiləşdirilmiş, fetişləşdirilmiş şəxsiyyətlərin ölümü onlara sonsuz rəğbət bəsləyən adamların şüuruna yerləşmir, ona görə də əfsanə yaradırlar.
Hə, Cefri Epşteyn də sağdır, bir gün intim kasetlərini də götürüb gələcək, Tramp və Klintonu ifşa edəcək.
Tehsil-press.az












