Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri ilə görüş olub Əmək müfəttişliyi sistemində qabaqcıl dünya təcrübəsi əsasında risk əsaslı nəzarət mexanizminin formalaşdırılması həmin sistemin səmərəliliyinin artırılmasında vacib amillərdən biridir. Bu sahədə Beynəlxalq Maliyyə Korporasiyası (İFC) tərəfindən göstərilən ekspertiza dəstəyi xüsusi önəm kəsb edir.
Bu fikri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə İFC-nin Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə Baş regional meneceri Yan van Bilsen və təşkilatın digər nümayəndələri ilə görüşdə deyib.
Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf strategiyasına uyğun olaraq əmək, məşğulluq və sosial müdafiə sahələrində ölkəmizdə aparılan islahatları diqqətə çatdırıb. O, layiqli əməyin təminatının ölkəmizdə aparılan sosial siyasətin əsas hədəflərindən biri olduğunu deyib. Vətəndaşların əmək hüquqlarının təminatına, ümumən əmək bazarına nəzarət mexanizminin təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb.
S.Babayev nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının və fəaliyyətinin səmərəliliyinin artırılması üçün risk əsaslı nəzarət mexanizminin yaradılması işlərinin aparıldığını deyib. O, bu sahədə işlərə dəstək məqsədilə ötən dövr ərzində İFC tərəfindən 4 ekspert missiyasının Azərbaycanda səfərdə olduğunu bildirib. Nazir Xidmətin risk əsaslı nəzarət modelinə keçidi üçün zəruri institusional bazanın hazırlanmasında İFC ekspertlərinin qabaqcıl dünya təcrübəsindən irəli gələn tövsiyələrinin əhəmiyyətini qeyd edib.
İFC-nin “Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi”ndən də bəhs olunub. Layihənin əmək müfəttişlərinin peşə bacarıqlarının artırılmasına, risk əsaslı yoxlamaların aparılması üçün müasir metodologiyaların və prosedurların mənimsənilməsinə və s. dəstək baxımından da önəmi vurğulanıb.
Y.Bilsen əmək, məşğulluq və sosial müdafiə sahələrində ölkəmizdə aparılan islahatları dəstəklədiklərini, İFC ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında fəal əməkdaşlığın məmnunluq doğurduğunu bildirib.
Görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək istiqamətləri, hazırlanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyası arasında Anlaşma Memorandumu” layihəsi müzakirə olunub.

Tehsil-press.az



Oxşar xəbərlər