Böyük Vətən müharibəsində Qələbənin əldə edilməsində Azərbaycan neftinin və alimlərinin rolu

Böyük Vətən müharibəsində Qələbənin əldə edilməsində Azərbaycan neftinin və alimlərinin rolu İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir. Amma unutmaq olmaz ki, azərbaycanlılar arxa cəbhədə də var gücləri ilə çalışırdılar. Onlar müharibəyə öz elmi kəşfləri ilə qoşulmuşdular.
Tehsil-press.az Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayevin azərbaycanlı alimlərin öz elmi kəşfləri ilə arxa cəbhədən ön cəbhəyə verdikləri töhfələrindən bəhs edən yazısını təqdim edir.
Yetmiş dörd illiyini qeyd etdiyimiz Böyük Vətən müharibəsində qələbənin qazanılmasında Azərbaycanın, Bakı neftinin töhfəsi əvəzsiz olub. Qanlı-qadalı müharibə illərində Sovet İttifaqı respublikalarında müasir texnologiyanın olmadığı, min bir fiziki əziyyət, zəhmətlə çıxarılan neftin 70, aviasiya benzininin və yüksək keyfiyyətli sürtkü yağlarının isə 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını yaxşı başa düşən Adolf Hitlerin tapşırığı ilə Almaniyanın I tank ordusu 1942-ci ilin sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə deyib ki, əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq.

Böyük Vətən müharibəsində Qələbənin əldə edilməsində Azərbaycan neftinin və alimlərinin rolu

Bir gənc kimyaçı kimi mənim anlamımda bu qələbənin əldə olunmasında Azərbaycanın əhəmiyyəti bir də ondan ibarətdir ki, Azərbaycanın təkcə neft ölkəsi deyil, həm də nefti səmərəli məqsədlərə yönəldə bilən tədqiqatları ilə tanıdan dünya şöhrətli akademik kimyaçı alimlərimizin o illər həmin müharibənin uğurla aparılmasına xidmət edən elmi tədqiqatları və əldə etdikləri mühüm elmi kəşfləri öz sözünü deyib. Bəli, məhz o vaxtlar Azərbaycan alimləri tərəfindən yüksəkkeyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edildi və cəbhəyə yönəldi.
Düzdür, 1941-1945-ci illərdə qazanılmış qələbədə üç həlledici amilin biri Azərbaycan nefti hesab olunur. Lakin neft və onun aid olduğu sahədə böyük elmi tədqiqatlar aparıb müharibənin taleyini həll edən görkəmli kimyaçı akademik Yusif Məmmədəliyev və onun aspirantı akademik Əli Quliyevin adları elə Azərbaycan nefti ilə qoşa çəkilməlidir.
Qələbədə əvəzsiz xidmətləri olan akademik Yusif Məmmədəliyev və aspirantı Əli Quliyev bu dövrdə neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edib və yeni kəşflərə imza atıblar. Nəticədə onların üsulu ilə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub, həmçinin “Molotov kokteyli” yeni tərkibdə işlənib hazırlanıb. Top mərmilərinin və minaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksək oktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması akademik Yusif Məmmədəliyevin adı ilə birbaşa bağlıdır. Alimin elmi ixtiralarına əsasən 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə milyon tonlarla yüksək keyfiyyətli benzin veriblər. Görkəmli akademikin Azərbaycan nefti əsasında aldığı yüksək keyfiyyətli, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə birbaşa töhfə verib.

Böyük Vətən müharibəsində Qələbənin əldə edilməsində Azərbaycan neftinin və alimlərinin rolu

Böyük Vətən müharibəsinin taleyinin həll olunmasında çalışdığım Aşqarlar Kimyası İnstitutunun əsasını qoyan və adını daşıyan akademik Əli Quliyevin də rolu danılmazdır. Tarixi faktlar sübut edir ki, müharibənin əvvəllərində o, öz müəllimi akademik Yusif Məmmədəliyevlə birlikdə yüksək keyfiyyətli aviasiya yanacağı sayılan alkilbenzin alınması prosesinin tədqiqində, konkret olaraq sulfat turşusunun iştirakı ilə təbii qaz benzinin baş fraksiyasının alkilləşməsi prosesinin işlənib hazırlanması ilə məşğul olmuşdu. Müharibə başlayanda isə Əli Quliyev laboratoriyanın əsas işi olan aviasiya benzinlərinin tədqiqindən kənarlaşdırılır. Gənc tədqiqatçıya cəbhə üçün tank əleyhinə yandırıcı butulkaların istehsalında elmi yeniliklər etmək və indiyə qədər mövcud olanların təsir imkanlarının artırılması kimi daha bir məsul iş tapşırılır.
Əli Quliyevin müharibə illərindəki ən diqqətçəkən nailiyyətlərindən biri tank əleyhinə butulkaların – alışdırıcı qarışığın, başqa sözlə, “Molotov kokteyli”nin yaradılması olub. Bu ixtiranın mahiyyəti ondan ibarət idi ki, şüşəüfürücü ustaların əvvəlcədən isidərək yan tərəfdən içəri basılmış hala salınan adi şüşə butulka benzin ilə doldurulurdu. Şiddətlənmək üçün isə rezin bağ vasitəsilə içinə güclü oksidləşdirici – xromillə dolu şüşə ampula bərkidilirdi. Düşmən tankına atılan zaman şüşə və butulka sınır, benzin və xromilin qarışması nəticəsində dəhşətli yanğın əmələ gəlir, tankı və onun heyətini bir andaca yandırırdı. Əli Quliyev tərəfindən hazırlanmış alışdırıcı qarışıqdan hər il cəbhəyə yüz minlərlə butulka göndərilirdi. Bu yüngül və rahat silah orduda hərbçilərimiz tərəfindən də sevilib və müharibənin bütün döyüş cəbhələrində geniş istifadə olunub. Bu haqda bir çox görkəmli sovet hərbi komandirlərinin xatirələrində minnətdarlıqla qeyd olunub.

Böyük Vətən müharibəsində Qələbənin əldə edilməsində Azərbaycan neftinin və alimlərinin rolu

Hərbi sahənin tələb etdiyi işlərdən biri də əl qumbaralarının yaradılması olub. Cəbhəyə göndərilməzdən əvvəl onların üzərində texniki yoxlama aparılırmış. Sınaqlardan biri bədbəxtliyə səbəb olur – qumbara Əli Quliyevin əlində partlayır. O, sağ əlini itirir, gözləri yanır, bir çox orqanları ciddi zədə alır. Uzunmüddətli müalicədən sonra görmə qabiliyyəti bərpa olunsa da, itirdiyi əli Böyük Vətən müharibəsinin ona və ətrafındakılara heç vaxt unutdurmayacaq acı xatirəyə dönür. Belə fiziki və mənəvi zərbəyə baxmayaraq, bu iradəli insan əvvəlki işinə qayıdır və iki əli daha çox çalışır, əmək sərf edir və yeni-yeni elmi uğurlara imza atır. Onun haqqında kimyaçı alim Rəsul Əhmədovun yazdığı kitabda diqqəti cəlb edən maraqlı daha bir faktda deyilir ki, akademik Əli Quliyev həm sol əli ilə işləyir, əvvəllər ona uzadılan sağ əli sol əli ilə sıxırmış. Amma bu hadisədən xəbərdar olanlar isə salamlaşarkən ona sol əllərini uzadırlar.
Əli Quliyevin başçılıq etdiyi qrupda partlayıcı və alışdırıcı maddələr hazırlamaqdan əlavə dərman vasitələri – streptosid, urotropin, saxarin və əsasında alkilaromatik sulfoturşu duzlarının olduğu yuyucu maddələr də hazırlayıb.
Deyə bilərik ki, Böyük Vətən müharibəsində Azərbaycan neftinin və görkəmli alimlərimizin xidmətləri danılmazdır.

Tehsil-press.az

Oxşar xəbərlər