Çinin ən böyük universitetindən sərt qərar

Çinin ən böyük universitetindən sərt qərar Çinin Tsinxua Universiteti diplom buraxılış işlərində plagiatçılığa yol vermiş tələbələrlə bağlı sərt qərar qəbul edib. "Global Times" nəşri bildirir ki, Çin Xalq Respublikasının ən nüfuzlu ali məktəbinin rəhbərliyi yaxın vaxtlarda universitetin nizamnaməsində və başqa lokal hüquq aktlarına müvafiq dəyişiklikləri daxil etməyi planlaşdırır. Yeni sanksiyalar o tələbələrə şamil olunacaq ki, diplom işlərini plagiatdan istifadə yolu ilə yerinə yetirir və ya elmi işləri müstəqil yazmır, kənarda pullu xidmətlərə qaçırlar. Bundan əlavə, əgər diplom işini ali məktəbin digər hər hansı tələbəsi yerinə yetiribsə, o da ali məktəbdən qovulacaq. Diqqətəlayiq hal odur ki, əvvəllər belə səhv hərəkətlər üçün yalnız töhmət nəzərdə tutulurdu. Ali məktəbdən xaric olunma ilə yanaşı, plagiatda suçlanan tələbələri aldıqları fəxri fərmanlar və mükafatların ləğv edilməsi də gözləyir. Bundan başqa, gələcəkdə onlar təqaüd almağa iddia edə bilməyəcək, həmçinin dövlət imtahanları vermədən güzəştli əsaslarla aspiranturaya daxil olmaq imkanından məhrum olacaqlar.
"Akademik vicdanlılıq Çin tələbələrinin həyatında əsas prioritet olmalıdır, ancaq indiyə qədər ona uyğun şəkildə əməl olunmurdu",- deyə Çinin Pedaqoji Tədqiqatların Milli İnstitutunun böyük elmi işçisi Çu Çjaoxuey qeyd edib. O, həmçinin əlavə edib ki, Çin təhsil müəssisələri tələbələrin akademik davaranışları ilə bağlı ən ciddi tələbkarlıq nümayiş etdirməlidir.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər