Gömrük Komitəsindən rüşvət məsələsi ilə bağlı xəbərə münasibət

Gömrük Komitəsindən rüşvət məsələsi ilə bağlı xəbərə münasibət Dövlət Gömrük Komitəsi Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xaricdən ölkəyə minik avtomobili gətirən şəxsdən qeyri-qanuni vəsaitin alınması barədə yayılan məlumatlara münasibət bildirib.
DGK-dan Tehsil-press.az-a daxil olan məlumata görə, şikayətçi şəxsin gömrük orqanına bəyan etdiyi dəyərin miqdarında şübhələr yarandığından “Gömrük tarifi haqqında” Qanuna uyğun olaraq araşdırmalar aparılıb. Gömrük orqanının şübhələri öz təsdiqini tapdığından nəqliyyat vasitəsinin yenidən dəyərləndirilməsi həyata keçirilib və bəyannamədə müvafiq dəyişikliklər edilib.
Gömrük əməliyyatları zamanı nəzərdə tutulan bütün ödənişlər isə dövlət büdcəsinə köçürülərək bu barədə həmin şəxsə qəbzlər verildiyindən hər hansı qeyri-qanuni ödəmələrdən söhbət gedə bilməz: “Üstəlik, vəsaitin birbaşa dövlət büdcəsinə ödənildiyi yazıda da öz əksini tapıb. Dövlət büdcəsinə ödənilən vəsaitin “rüşvət” kimi qələmə verilməsi onu deməyə əsas verir ki, yazı sifariş xarakterildir və məqsəd gömrük orqanlarına qarşı qərəz, böhtan xarakterli məlumatlar yaymaqdır”.
Komitə onu da qeyd edir ki, “Gömrük tarifi haqqında” Qanunun 11.3-cü maddəsinə əsasən Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Lakin media qurumlarına şikayət etdiyi bildirilən şəxs gömrük bəyannaməsində göstərilən məlumatları təsdiq edərək gömrük orqanının müvafiq düzəlişləri ilə razılaşdığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər