Rusiya rəsmiləri: "Azərbaycan postsovet məkanında yaşamaq üçün ən komfortlu ölkələrdən biridir" - RƏY

Rusiya rəsmiləri: "Azərbaycan postsovet məkanında yaşamaq üçün ən komfortlu ölkələrdən biridir". Bu fikirləri ONA-nın Moskva müxbirinə müsahibəsində Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.
UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsini şərh edən rusiyalı siyasətçi belə bir mötəbər tədbirin Azərbaycan paytaxtında keçirilməsinin mühüm məqamlardan xəbər verdiyini söyləyib: "Bu onu göstərir ki, Prezident İlham Əliyev ölkə üçün mühüm işlər görür. Məhz Prezident və birinci vitse-prezident Mehriban Əliyeva sayəsində bu gün Azərbaycan postsovet məkanında yaşamağın ən rahat olduğu ölkələrdən birinə çevrilib. Azərbaycan üçün belə mötəbər tədbirlərin keçirilməsi adət halını alıb. İlk Avropa Olimpiya oyunları və bir sıra beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edən Bakı özünü çoxdan doğruldub. Ona görə də böyük məmnuniyyətlə Bakıda keçiriləcək finalı izləyəcəyəm".
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin də Bakıda keçiriləcək final oyunu barədə danışıb. O, belə bir mötəbər tədbirin təşkilatçılarına uğurlar arzulayıb: "Arzu edirəm ki, UEFA Avropa Liqasının finalında oynayacaq komandalardan biri Bakının yerli komandası olsun. Əminəm ki, Bakıda keçirilən final baxımlı olacaq".
Dövlət Dumasının MDB məsələləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov ONA-nın Moskva müxbirinə müsahibəsində final oyununu izləmək üçün Bakıya gələcəyini söyləyib: "Final oyununu canlı izləyəcəyəm. Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bu şəhər həyat üçün yaradılıb. Dünyanın ən gözəl sahil xətti Bakıdadır. Mən özüm Bakıda tez-tez oluram. Dənizkənarı Parkda, Bakı küçələrində mühafizəsiz gəzirəm. Özümü bu şəhərdə olduqca rahat hiss edirəm. Bilirsiniz, idmanı da artıq siyasətə çeviriblər. Bakıda Avropa Olimpiya oyunları keçiriləndə də bunları müşahidə etmişdik. Lakin Azərbaycan bu tədbiri ən yüksək səviyyədə keçirdi. Əminəm ki, bu final tədbiri də yüksək səviyyədə keçəcək".

Fərid Əkbərov

Oxşar xəbərlər