Beşinci ADA-Avropa İttifaqı Yay Məktəbi açılır

Beşinci ADA-Avropa İttifaqı Yay Məktəbi açılır ADA Universitetinin Avropa İttifaqı (Aİ) Məsələləri üzrə Bilik Mərkəzi Alman Akademik Mübadilə Xidməti (DAAD) və İtaliyanın Bolonya Universiteti ilə birgə ikihəftəlik 5-ci ADA-Avropa İttifaqı Yay Məktəbinə start verir.
Builki məktəb “Aİ və Şərq Tərəfdaşlığı: Aİ-nin gələcəyi kontekstində Şərq Tərəfdaşlığı siyasəti” mövzusunu əhatə edəcək.
Yay məktəbi gənc peşəkarları, tədqiqatçıları və məzunları bir araya gətirərək onların qeyd edilən mövzu ilə bağlı biliklərini təkmilləşdirəcək və son 10 il ərzində Şərq Tərəfdaşlığı proqramının inkişafını və nailiyyətlərini diqqətdə saxlayacaq.
İki həftə ərzində iştirakçılar Avropa İttifaqı və Şərq Tərəfdaşlığı proqramının əhatə etdiyi ölkələr arasında münasibətlərin dinamikası və bu sahədə olan çətinliklər haqqında məlumatlandırılacaq. Beşinci ADA-Aİ Yay Məktəbinə bu il Azərbaycanla yanaşı, Almaniya, Əfqanıstan, Böyük Britaniya və İtaliyadan da iştirakçılar qatılıb.
Xatırladaq ki, yay məktəbi ADA Universitetində 2013-cü ildən fəaliyyət göstərən Avropa İttifaqı Məsələləri üzrə Bilik Mərkəzinin təklif etdiyi sertifikat proqramıdır. Mərkəz ölkə ictimaiyyətinin Avropa İttifaqı haqqında biliklərini təkmilləşdirmək məqsədilə dövlət qulluqçuları, tələbələr, şagirdlər də daxil olmaqla, ictimai qruplar üçün təhsil və təlim kursları həyata keçirir.

ADA-nın Mətbuat Xidməti


Beşinci ADA-Avropa İttifaqı Yay Məktəbi açılır

Oxşar xəbərlər