Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb

Doqquzuncu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb Dövlət İmtahan Mərkəzi (DİM) 29 şəhər və rayonda yerləşən müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə təhsil alan IX sinif şagirdləri üçün imtahanlar keçirib. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 33 şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilib.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahanın nəticələri yaxın günlərdə elan ediləcək.
Qeyd edək ki, imtahan ilə əlaqədar şagirdlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya Komissiyası Bakı şəhəri, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək. Şagirdlər Apellyasiya Komissiyasına iyunun 18–dən 20-dək saat 10:00-17:00 arasında şəxsiyyəti təsdiqləyən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər