Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri elan olunub

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibləri elan olunub Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin yekunu ilə bağlı brifinq keçirilib.
Brifinqdə Təhsil Nazirliyinin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən ümumilikdə 878 layihə təklifi daxil olduğunu bildirib.
Təşkilat komitəsi ekspert qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Qaliblər ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimləri əhatə edir. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkir qalib layihələri olan ən fəal rayon və şəhərlər olub.
Orxan Abbasov diqqətə çatdırıb ki, layihə təkliflərinin maliyyələşdirilməsinə “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 min, fərdi kateqoriya üzrə 10 min manatdan çox olmamaq şərti ilə vəsait ayrılır. Qalib layihələrin icrasına avqustun 1-dən etibarən başlanılacaq. Layihələrin icrasına maksimum 1 il vaxt verilir.
Müsabiqədə layihəsi qalib olmayan şəxslər iyulun 7-si saat 18:00-dək [email protected] ünvanına layihənin kateqoriyası, adı, layihə rəhbərinin adı və əlaqə nömrələrini göndərərək apellyasiya müraciəti edə bilərlər.
Brifinq iştirakçılarının diqqətinə çatdırılıb ki, müsabiqə üzrə layihə təklifləri martın 11-dən aprelin 1-dək qəbul edilib. Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə 6 mövzu - təhsilin idarə edilməsi, istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiqi, təkmil forma və məzmunda metodik xidmət sisteminin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkan və şəraitin yaradılması, informasiya-kommunikasiya texnologiyalarının təhsilə tətbiqinin təbliğ edilməsi üzrə keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər