Jurnalistikaya qəbul olmaq istəyənlər sabah qabiliyyət imtahanı verəcəklər

Jurnalistikaya qəbul olmaq istəyənlər sabah qabiliyyət imtahanı verəcəklər Dövlət İmtahan Mərkəzi (DİM) avqustun 1-də 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
İmtahanda iyulun 22-dən 25-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay,Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq.
Jurnalistika ixtisasına qəbul olmaq üçün III ixtisas qrupu üzrə keçirilən test imtahanında tələb olunan müsabiqə şərtini ödəmiş 486 abituriyent qeydiyyatdan keçib. Abituriyentlərdən 145 nəfərini oğlanlar, 341 nəfərini qızlar təşkil edir. 448 abituriyent Azərbaycan, 38 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.
Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçiləcək və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılacaq. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazacaqlar. Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və ya rus dilində yerinə yetirilməlidir.
İnşa (esse) abituriyentin seçmiş mövzu üzrə öz nöqteyi-nəzərini əsaslandırılmış şəkildə ifadə etdiyi müstəqil, yaradıcı yazı işidir. Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlər, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və eləcə də bütün bəşəriyyəti düşündürən qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur.
Yazı işi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir.
"Qeyri-məqbul" qiyməti mövzunun zəif əhatə olunduğu və ya heç əhatə olunmadığı, abituriyentin mövzunu səthi bildiyini və ya heç bilmədiyini aşkara çıxaran, başqa mövzuda yazılmış, mətnin hissələri arasında məntiqi əlaqənin pozulduğu, abituriyentin özü haqqında hər hansı məlumat yazdığı və ya özünü tanıtmaq məqsədi ilə hər hansı bir işarə vurduğu, 8 və daha çox fonetik, qramatik və leksik səhvi olan yazılara verilir.
Yazı işində abituriyentlərin özləri haqqında hər hansı məlumat (ad, soyad, ata adı, baba adı, məktəb adı, müəllim adı, yaşayış yeri və s.) yazması və ya özlərini tanıtmaqla bağlı hər hansısa işarə vurması qadağandır. Belə hala yol vermiş abituriyentlərin yazı işləri "sıfır" balla qiymətləndirilir. Seçdiyi movzudan fərqli movzuda, həmçinin 1 səhifədən (190 sözdən) az həcmdə yazılmış inşalar da "sıfır" balla qiymətləndirilir.

DİM-in Mətbuat Xidməti

Oxşar xəbərlər