Yeni tədris ilində Bakı Dövlət Universitetinə qəbul olan tələbələrin qeydiyyatı başa çatıb

Yeni tədris ilində Bakı Dövlət Universitetinə qəbul olan tələbələrin qeydiyyatı başa çatıb 2019/2020-ci tədris ilində Bakı Dövlət Universitetinə (BDU) qəbul olan tələbələrin qeydiyyatı başa çatıb.
Respublikada ayrı-ayrı ixtisaslar üzrə əmək bazarının səriştəli kadr potensialına olan tələbatı nəzərə alınaraq son illər BDU-nun qəbul planı və qəbul olunan tələbələrin sayı ildən-ilə artır. 2019-2020-ci tədris ilində də ölkə üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən çox tələbə qəbulu Bakı Dövlət Universitetinin payına düşür. Belə ki, Qazax filialı da daxil olmaqla ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə BDU-ya qəbul olunanların ümumi sayı 6462 nəfər təşkil edib. Onlardan 5127 nəfər tələbə 66 ixtisas üzrə bakalavriat səviyyəsinə, 550 nəfər Qazax filialına, 785 nəfər tələbə isə 44 ixtisas və 231 ixtisaslaşma üzrə magistratura səviyyəsinə qəbul olunub. Bakalavriat səviyyəsi üzrə qəbul planı 91 faiz, o cümlədən Qazax filialı üzrə 81 faiz, magistratura səviyyəsi üzrə isə 81 faiz dolub. Bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələrdən 107 nəfəri subbakalavrdır.
Qeyd edək ki, bu ilki qəbulda dövlət sifarişi əsasında təhsil alacaq tələbərin sayında da əhəmiyyətli artım nəzərə çarpır. Belə ki, BDU üzrə bakalavriat səviyyəsinə qəbul olan tələbələrin 59,3 faizi dövlət sifarişli, 40,7 faizi ödənişli əsaslarla təhsil alacaq. Magistratura səviyyəsinə qəbul olan tələbələrin isə 65 faizə qədəri dövlət sifarişi əsasında təhsil alacaq. Bakalavriat və magistratura səviyyələri üzrə güzəştli kateqoriyaya düşən tələbələrinin sayı isə 503 nəfərdir. Təhsil Nazirliyinin tövsiyəsini nəzərə alaraq, bu il aztəminatlı ailələrdən olan və ödənişli əsaslarla qəbul olan 252 nəfər tələbəyə ilkin olaraq illik təhsil haqqının 50 faizini ödəyərək qeydiyyatdan keçmək üçün imkan yaradılıb.
Cari tədris ilində daha çox bal toplayan abituriyentlər arasında ali təhsil müəssisəsi kimi BDU-nu seçənlərin sayı da kifayət qədər yüksək olub. Qəbul imtahanı verən abituriyentlərdən 500-dən çox bal toplayan 1563 nəfəri, o cümlədən 600 və daha yuxarı yuxarı bal toplayan 318 nəfəri, 500-600 arası bal toplayan 1245 nəfəri Bakı Dövlət Universitetini seçib. 9 nəfər tələbə müsabiqədənkənar qəbul olub. 600 və daha yüksək bal toplayan tələbələr əsasən Riyaziyyat müəllimliyi, Hüquqşünaslıq, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Dövlət və ictimai münasibətlər, Kompüter elmləri, Tarix, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi, Politologiya və s. ixtisaslarını seçiblər. Humanitar fakültələr üzrə ən yüksək minimum keçid balı hüquqşünaslıq, təbiət fakültələri üzrə isə Riyaziyyat müəllimliyi ixtisasında olub.
Məlumat üçün bildirək ki, təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetində hazırda təhsil alan tələbələrin ümumi sayı 23 mindən çoxdur.

BDU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər