ADA Universiteti 12 yeni ölkədən tələbə qəbul edib

ADA Universiteti 12 yeni ölkədən tələbə qəbul edib Builki tədris ilində ADA Universitetinə 12 yeni ölkədən, o cümlədən Belarus, Butan, Qana, Litva, Mozambik, Nepal, Fələstin, Filippin, Səudiyyə Ərəbistanı, Seyşel adaları, Slovakiya və Tacikistandan beynəlxalq tələbə qəbul olunub. Ümumilikdə isə universitetdə 45 ölkə öz tələbələri ilə təmsil olunub. Seyşel adalarından qəbul olunan Laura Bonifas bildirir: “ADA-ya qəbul olmaq barədə xəbəri alanda hədsiz dərəcədə sevindim. Öz ölkəmi Azərbaycanda təmsil edən ilk tələbə olmağın qürurunu yaşayıram. Bilirəm ki, burada aldığım təhsil gələcəkdə mükəmməl karyera qurmaq üçün mənə kömək edəcək. Üstəlik Azərbaycanı və buranın insanlarını öyrənmək dünyagörüşümü daha da genişləndirəcək. İlk gündən buradakıların nə qədər mehriban olduğunun şahidi oluram”.
Qeyd edək ki, ADA Universitetində beynəlxalq tələbələrə bir neçə təqaüd proqramı təklif edilir. Bu sıradan Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən “Əlimərdan bəy Topçubaşov” adına təqaüdü bu il 17 nəfər qazanıb. Əlavə olaraq, 5 beynəlxalq tələbə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin tələbələri üçün təsis etdiyi təqaüd proqramından yararlanıb.
ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin sözlərinə görə, ali təhsil ocağının əlaqələri genişləndirərək tədris mühitini beynəlmiləlləşdirməsi vacib məqsədlərdən biridir: “Biz tələbələrimizə, sözün əsl mənasında, qlobal təhsil almaq üçün şərait yaradırıq. Hazırda ADA Universiteti 38 ölkədə yerləşən 82 universitetlə akademik tərəfdaşlıq edir. Bunun nəticəsi olaraq, bakalavr və magistr tələbələrimiz ADA-da oxuduğu müddətdə bir semestri mübadilə təhsilində keçirə bilirlər. Çox zaman bu mübadilə onlar üçün yeni akademik baxış bucağı ilə yanaşı, yeni dil, yeni mədəniyyətə alışmaq qabiliyyətinə yiyələnmək deməkdir. Builki beynəlxalq tələbə qəbulu prosesi yeni təqaüd imkanlarının yaradılması ilə yadda qaldı. Dövlətimizin başçısı və XİN tərəfindən verilən təqaüdlərlə yanaşı, ADA Universitetinin rektoru Hafiz Paşayevin Özbəkistana səfəri nəticəsində biz bu ölkənin gəncləri üçün biznes dairələrindən alınan ianələr hesabına ayrıca təqaüd təsis edə bildik. Nəticədə Özbəkistandan 6 tələbə ADA-da təqaüdlü təhsil almaq imkanı qazandı”.
2019-2020-ci tədris ilinin ilk semestrində ADA Universitetinin 71 tələbəsi xaricə mübadilə proqramlarına yollanıb. Eyni şəkildə, 32 tələbə ADA-nın tərəfdaş universitetlərindən Bakıya mübadiləyə gəliblər. Praqadakı İqtisad Universitetinin İnformasiya Sistemləri və Texnologiyaları tələbəsi Tomas Svarkın burada keçirəcəyi payız sessiyasına ümidləri böyükdür: “Avropa İttifaqında çoxsaylı tələbələr Erasmus proqramından yararlanaraq digər universitetlərdə mübadilə keçirirlər. Mən də bunu sınaqdan keçirmək istədim və seçimimi Bakıya etdim. Buranın yeni mədəniyyəti və insanları maraqlı təcrübə olacaq. Hələ haqqında çox eşitdiyim mülayim iqliminiz, dəniz və təbiətinizi demirəm. Özüm idman həvəskarıyam. Bura gələn kimi ilk getdiyim yerlərdən biri futbol matçı oldu. Anladım ki, burada keçirəcəyim vaxt çox əyləncəli olacaq”.
Bu həftə ADA tələbə icması ilə dərslərinə başlayan beynəlxalq tələbələr xüsusi tanıtım sessiyasına da qatılıblar. Təqdimat zamanı tələbələr paytaxtımızın tarixi, universitetlə tanışlıq, yerli mədəniyyətin özəllikləri ilə bağlı mühazirələr dinləyib, Azərbaycanın milli rəqslərini öyrəniblər.

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər