İlahiyyat İnstitutunda yuxarı kurs tələbələri ilə görüş keçirilib

İlahiyyat İnstitutunda yuxarı kurs tələbələri ilə görüş keçirilib Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yuxarı kurs tələbələri ilə görüş keçirilib.
Görüşdə Aİİ-nin rektoru Ceyhun Məmmədov ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan söhbət açıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə atdığı addımlar, imzaladığı sərəncamlar, fərmanlar və digər sənədlər Azərbaycanda təhsilin və elmin inkişafına yönəlib.
Ceyhun Məmmədov Aİİ-nin daxili nizam-intizam qaydaları, məqsəd və vəzifələri, hədəfləri, nəzərdə tutduğu layihələr haqqında tələbələrə məlumat verib.
Rektor tələbələri dərslərdə aktiv olmağa, dil bilgilərinə yiyələnməyə, institutun ictimai həyatında fəallıq göstərməyə çağırıb. O, Aİİ-də dövlətin qayğı və təminatı ilə lazımi şərait yaradıldığını, təhsilin ödənişsiz əsaslarla həyata keçirildiyini, tələbələrin pulsuz geyim və dərsliklərlə təmin olunduqlarını diqqətə çatdırıb. İnstitutda xarici dil kurslarının təşkil edildiyini, tələbələrin mübadilə proqramları vasitəsilə təhsillərini dünyanın tanınmış universitetlərində davam etdirə biləcəklərini, məzun olduqdan sonra ölkənin müxtəlif dövlət qurumlarında işlə təmin ediləcəklərini və digər üstünlüklərə sahib olduqlarını vurğulayıb.
“Aİİ-nin məqsədi dərin biliyə, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə, yüksək mədəniyyətə malik vətənpərvər mütəxəssislər yetişdirilməsidir”, – deyən Ceyhun Məmmədov tələbələrə dinin mahiyyətini və əsaslarını, milli adət-ənənələrimizi dərindən öyrənməyi tövsiyə edib.
İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün addımların atıldığını, ali təhsil müəssisəsi əməkdaşlarının tələbələrə öz övladları kimi yanaşdığını bildirən rektor gəncləri yaradılan fürsətlərdən maksimum yararlanmağa çağırıb.
Görüşün sonunda yeni tədris ilində qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Aİİ-nin Mətbuat Xidməti

Oxşar xəbərlər