İranlı alimlərə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin nailiyyətləri barədə məlumat verilib

İranlı alimlərə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin nailiyyətləri barədə məlumat verilib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanov İranın Təbriz Azad İslam Universitetinin rektoru, professor Əziz Cavanpur və həmin müəssisənin ölkəmizdə tibb təhsili üzrə nümayəndəsi Əmini Təbrizi ilə görüşüb.
Görüşdə Əhliman Əmiraslanov BTEB-in akademiyanın strukturunda rolu, əsas tədqiqat istiqamətləri, xüsusilə Azərbaycanda tibbi-genetika və onkologiya sahəsində əldə edilmiş elmi-təşkilati nailiyyətləri barədə məlumat verib. O, İran İslam Respublikasının elm və təhsil müəssisələri ilə əlaqələrin yüksələn xətlə inkişafından məmnunluğunu bildirib, bu münasibətlərin daha da genişlənməsi və dərinləşməsində maraqlı olduğunu söyləyib.
Əziz Cavanpur İranda və dünyada böyük nüfuza malik və hazırda 53 min tələbənin təhsil aldığı Təbriz Azad İslam Universitetinin fakültələri, elm və təhsil strategiyası, nailiyyətləri barədə məlumat verib. O, Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və müəssisənin alimləri ilə keçirdikləri görüşlərin faydalı olmasından məmnunluğunu ifadə edib.
Daha sonra BTEB-in institutları və Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası ilə Təbriz Azad İslam Universiteti arasında elmi əlaqələrin perspektivləri, birgə tədqiqatların mümkün istiqamətləri müzakirə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər