EQAC layihəsi çərçivəsində İsveçdə beynəlxalq təlim

EQAC layihəsi çərçivəsində İsveçdə beynəlxalq təlim Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov İsveç Krallığının paytaxtı Stokholmda keçirilən beynəlxalq təlimdə iştirak ediblər. Tədbir Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsi çərçivəsində baş tutub.
Kral Texnologiya Universitetində keçirilən “Ali təhsilin inkişaf etdirilməsi” adlı təlimdə Azərbaycanın layihədə tərəfdaş olan 11 universitetinin nümayəndələri, habelə Yaponiya, Çin, Braziliya, Argentina, Çili, Kolumbiya təmsilçiləri iştirak ediblər.
Təlimdə ali təhsilin inkişaf etdirilməsində yeni strategiyalar, dayanıqlı inkişaf və onun ali təhsilə inteqrasiyası, yeni tədris metodları və modellərinin tətbiqi, keyfiyyət təminatında CDİO standartlarının rolu və əsas prinsipləri istiqamətində Kral Texnologiya Universitetinin aparıcı mütəxəssisləri tərəfindən təqdimatlar edilib, mövzular ətrafında müzakirələr aparılıb.
Təqdimatlarda Kral Texnologiya Universitetində tədris prosesinin nümunələri, tələbələrin öyrənmə prosesinə cəlb edilməsi, dayanıqlı inkişaf məqsədlərinin tədris və fənn proqramlarına inteqrasiya imkanları, fəal təlimin əhəmiyyəti, tələbələrdə tədqiqat bacarıqlarının inkişaf etdirilməsi, müəllimin qrupla və qrup daxilində komandalarla iş prinsipləri, qiymətləndirilmə meyarları, növləri və s. haqqında danışılıb.
Təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

ADPU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər