BSU-da maarifləndirici seminar keçirilib

BSU-da maarifləndirici seminar keçirilib Gənclər və İdman Nazirliyinin, Bakı Slavyan Universitetinin (BSU), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğində gənclərin rolu” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor Xanım Sultanova müasir dövrümüzdə dini radikalizmin cəmiyyət və dövlət üçün böyük təhlükə yaratdığını, buna qarşı səmərəli mübarizə aparmaq məqsədilə gənclərin maarifləndirilməsinin vacib olduğunu bildirib. Qeyd olunub ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri yüksək səviyyədə qurulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli-dini dəyərlərə böyük həssaslıqla, xüsusi diqqət və qayğı ilə yanaşırlar.
Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş üzrə sektorunun müdiri Elşən Hüseynov diqqətə çatdırıb ki, tədbir “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq keçirilir. Müasir dünyamızda dini ekstremizm və radikalizm bəşəriyyət üçün ciddi təhlükə mənbəyidir. İslam dini sülh, əmin-amanlıq dinidir. Azərbaycandakı tolerantlıq və multikulturalizm mühiti mütərəqqi dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
Sonra Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Dini radikalizmin yaranma səbəbləri” mövzusunda məruzə ilə çıxış edib. O, dini radikalizmin yaratdığı fəsadlardan və bunun qarşısının alınması yollarından danışıb. Diqqətə çatdırılıb ki, bu təhlükənin qarşısının alınmasında gənclərin maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

BSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər