Onlarla soydaşımızı xilas etdi, Kəlbəcərə görə Dəmirəldən kömək istədi - “İki Azərbaycanın ağsaqqalı” - MÜSAHİBƏ

Onlarla soydaşımızı xilas etdi, Kəlbəcərə görə Dəmirəldən kömək istədi - “İki Azərbaycanın ağsaqqalı” - MÜSAHİBƏ Cavad Heyət - Türk Dünyasının Qüdrətli Övladı

2025-ci il mayın 24-də İran və Azərbaycan elminin, mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan dünya şöhrətli cərrah-alim, türkoloq, ictimai xadim, İranda ana dilimizdə çıxan "Varlıq" jurnalının yaradıcısı və baş redaktoru olmuş doktor Cavad Heyətin 100 yaşı tamam olur.

İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq” jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru olmuş, “İki Azərbaycanın ağsaqqalı”, “Çağımızın ağsaqqalı”, “Dövrümüzün Prometeyi”, ləqəbləri ilə tanınmış Cavad Heyət respublikamızın Daxili İşlər Nazirliyinin də tarixində silinməz izlər qoyub.

Doktor Cavad Heyətlə çox yaxın münasibətləri olmuş DİN Tibb İdarəsinin sabiq rəsi, istefada olan polkovnik, Əməkdar həkim Bəhruz Səfərəliyevlə adını öz sağlığında ikən əbədiləşdirmiş Cavad Heyət böyüklüyünə bir daha nəzər saldıq. Modern.az söhbəti təqdim edir:

- Bəhruz müəllim, Cavad Heyətə tanışlığınız necə olub?

- Yaxın keçmişimizdən məlumdur ki, 1988-ci ildən Qarabağda başlayan silahlı münaqişələrin elə ilk günlərindən cəbhə bölgələrində erməni separatizminə qarşı mübarizədə daxili işlər orqanlarının əməkdaşları qəhrəmanlıqlar nümayiş etdirirdi. Azərbaycan polisi vətənin layiqli müdafiəçisi kimi tanınırdi. Onlar öz qanları ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə şanlı səhifələr yazırdilar. Və təbiidir ki, illərlə davam edən müharibənin törətdiyi fəlakətlər Azərbaycan polisindən də yan keçməyirdi. Respublikanın daxili işlər orqanlarının yüzlərlə əməkdaşı vətən yolunda düşmən gülləsinə sinə gərərək şəhid olur, minlərlə əməkdaş erməni gülləsinə tuş gələrək yaralanır, respublikanın müxtəlif səhiyyə ocaqlarında müalicə olunaraq, yenidən ön sıralara qayıdırdılar. Yaralanmış polis işçilərimizin həyatının xilas edilməsində, onların tam müalicə olunub yenidən xidmətə qayıtmasında ən ağır yük isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin, onun mərkəzi hospitalının üzərinə düşürdü. Ağır müharibə günlərində - 1-ci Qarabağ müharibəsində yaralanmış polis işçilərinin həyatının xilas edilməsində, onların tam müalicə olunub yenidən xidmətə qayıtmasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə dəstək olanlardan biri, bəlkə də elə birincisi Dünya Cərrahlar Cəmiyyətinin üzvü, İranda çıxan “Varlıq” jurnalının baş redaktoru, İran İslam Respublikası polisinin baş cərrahı, Qarabağ Müsəlmanlarına Yardım Komitəsinin sədri olmuş mərhum professor Cavad Heyət idi.

Bildiyiniz kimi, Türk dünyasının qüdrətli övladlarından biri, bütün dünya türklərinin qürur və fəxarət yeri olan Cavad Heyətin qəlbi, ürəyi həmişə Azərbaycanla birgə döyünürdü. O, hər zaman Azərbaycanın sevincini öz sevinci, dərdini öz dərdi bilirdi. 1988-ci ildən başlayaraq Azərbaycan bədnam ermənilərin təcavüzünə məruz qalanda, torpaqlarımız işğal olunanda, soydaşlarımız öz doğma od-ocaqlarından pərən-pərən düşəndə etiraz səsini ucaldanlardan biri də məhz Cavad Heyət idi. O, Qarabağ müharibəsi ilə bağlı Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, erməni təcavüzünün pislənməsində böyük fədakarlıq göstərirdi. Onun Azərbaycana qarşı erməni terrorizmini, işğalçılıq siyasətini ifşa edən çıxışları ən ali məclislərdə, ən mötəbər kürsülərdə səslənirdi, məqalələrində, məruzələrində əksini tapırdı.

Cavad Heyət Azərbaycanın haqq səsini, dünya ictimaiyyətinə çatdırmaqla kifayətlənmirdi. O hər an yaralılarımıza kömək etməyə can atırdı. 1-ci Qarabağ müharibəsinin ən ağır vaxtlarına Alman-Azərbaycan cəmiyyətinin yaradıcısı doktor Ağabəy Azərbaycani resrublikamızda müalicəsi mümkün olmayan yaralılarımızın İran İslam Respublikasında müalicəsini təşkil etmək üçün dayısı Cavad Heyətlə danışdıqdan sonra biz İrana yollandıq. İranda Cavad Heyətlə görüş keçirdik. Cavad Heyətlə - bu böyük qəlb sahibi ilə tanış olmaq, onu yaxından tanımaq mənə də müyəssər oldu. Cavad Heyətlə yaralılar barəsində danışarkən onun hansı acı hisslər yaşadığı bu gün də gözlərim önündədir. Elə ilk görüşümüzdə Cavad Heyət bizə kömək etməyinə söz verdi.

Məhz Cavad Heyətin qayğısı sayəsində ötən əsrin 90-cı illərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən yaralıların xaricdə müalicəsi reallaşdı. Doktor Cavad Heyətin köməkliyi 320 nəfər yaralı polis işçilərimizin Tehranda, Almaniyada pulsuz müalicəni təşkil edildi. Alovlu vətənpərvər olan Cavad Heyət ağır yaralıları şəxsən özü əməliyyat edir, neçə-neçə qəhrəman soydaşımızı ölümün caynağından qurtarırdı. Bu proseslərin bir çoxunun bilavasitə iştirakçısı olduğumdan dünya şöhrətli cərrah, alim, naşir Cavad Heyəti daha dərindən tanımaq mənə qismət olub. Bu böyük türkün keçdiyi şərəfli ömür yolu daim diqqətimi cəlb edirdi...

- Yeri gəlmişkən, Cavad Heyətin ömür yolu haqqında qısa məlumat verməyiniz maraqlı olardı...

- Tibb və türkologiya sahələrində çalışmalarına görə dünyada, xüsusilə türk dünyasında məşhur şəxsiyyət olan Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Atası Mirzə Əli Heyət Məşrutə inqilabının iştirakçısı və İran ədliyyəsinin qurucularından biri idi. Ailənin 9 övladından biri olan Cavad Heyət ilk təhsilini Həmədanda, Təbrizdə, Tehranda alıb. Orta təhsil aldıqdan sonra Tehran Universitetinə daxil olub. Burada iki il oxuduqdan sonra ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirib. İstanbul Universitetini bitirdikdən sonra elə burada əmək fəaliyyətinə başlayıb. 1946-1949-cu illərdə İstanbul Universitetində cərrahlıq klinikasında çalışıb, daha sonra ixtisasını təkmilləşdirmək üçün Paris Universitetinin cərrahlıq kafedrasında işləyib. 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdan Cavad Heyət 1953-cü ildən Tehranda Hidayət və Ədliyyə xəstəxanalarında cərrahlıq klinikaları quraraq onlara rəhbərlik edib, İranda eksperimental cərrahiyyənin təməlini qoyub.

1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıdıb. Doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub. 25 min əməliyyat, o cümlədən açıq ürək əməliyyatları keçirən professor Cavad Heyətin tibb sahəsində qazandığı nailiyyətlər ona dünya şöhrət gətirib.

Doktor Cavad Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınıb. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilib. Bir sıra beynəlxalq elmi forumlar və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görüb.

Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olub.

Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutub. Cavad Heyət dostu Prof. Dr. H.Nitqi ilə birlikdə İranda elmi türkologiyanın əsasını qoyub. Bundan əlavə, Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir.

Cavad Heyətin ən böyük xidmətlərindən biri də onun "Varlığ"ıdır. İranda İslam İnqilabının qələbəsindən sonra verilən nisbi dil azadlığından bəhrələnən alovlu vətənpərvər ziyalı dostları ilə birgə "Varlıq" dərgisinin nəşrinə başlayıb. Jurnalın işıq üzü görməsində Cavad Heyətin böyük rolu olub. Jurnalda Azərbaycanın müdafiəsi, Qarabağ problemi ilə bağlı məqalələr də yer alıb. “Varlıq” jurnalı cənubi azərbaycanlıların milli şüurunun formalaşmasında mühüm rol oynayıb.

"Varlıq" öz səhifələrində erməni təcavüzü haqqında dolğun məlumat verir, bu təcavüzü pisləyirdi, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalına, qan qardaşlarının öz doğma yurd-yuvalarından pərən-pərən düşmələrinə etiraz səsini ucaldırdı.

Fəxarət hissi ilə qeyd edə bilərəm ki, Azərbaycanın böyük dostu olan Cavad Heyət Azərbaycan dili, ədəbiyyatı, tarixinə dair çoxsaylı kitabların, məqalələrin müəllifi olaraq ensiklopedik məlumatlı, eyni zamanda prinsipial, azadlığı və həqiqəti hər şeyin üstündə tutan, xalqını, Vətənini, dilini və mədəniyyətini çox sevən bir şəxsiyyət idi. Mədəniyyətin müxtəlif problemlərinin öyrənilməsinə münasibətdə tarixi həqiqətlərdən çıxış edərək obyektivlik nümayiş etdirən alimin ədəbi simpoziumlarda və türkoloji konfranslarda Cavad Heyətin çıxışları həmişə təqdirlə qarşılanırdı…

- Bəhruz müəllim, Cavad Heyətin Azərbaycan sevdasından söhbət düşərkən 1993-cü ildə Kəlbəcərin işğalından sonra onun Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirələ məktub yazması və yardım istəməsi xüsusilə yada düşür...

- Bəli, 1993-cü ildə Kəlbəcərin işğalından sonra Cavad Heyət Süleyman Dəmirələ məktub yazmış və yardım istəmişdi. Yeri gəlmişkən, məktubdan bəzi hissələrini xatırlayaq :

“Mən bu sətirləri göz yaşlarımın qarşısını ala bilmədən yazıram və bu anda Allah-təaladan xalqımıza qurtuluş, ya da özümə ölüm istəyirəm… Məmləkətimizin başına gətirilən bu faciə böyük bir millət və ya güclü bir dövlət tərəfindən deyil, bütün tarix boyu himayəmiz altında dolanan və ədalətimiz sayəsində bütün insani haqlardan faydalanan ermənilər tərəfindən açılmışdır… Silahsız, ordusuz və əsarətdən yenicə çıxmış qardaşlarımızı yalqızmı buraxmalıyıq? Erməni-daşnak ordusunun onların yurdlarına həyasızcasına təcavüzünə, qadın və kişilərini, qoca və uşaqlarını acından öldürmələrinə tamaşaçımı qalacağıq? Bu, bizlərin şərəfinə, türklüyə və müsəlmanlığa, nəhayət, insanlığa yaraşarmı?”

Çox böyük həyəcanla, kövrək hisslərlə Süleyman Dəmirələ yazılmış bu məktubda Doktor Cavad Heyət Azərbaycanın zorla cəlb edildiyi ədalətsiz müharibəyə etirazını bildirirdi. Azərbaycanı düşdüyü fəlakətdən çıxarmaq üçün səyləri gücləndirməyə, erməni faşizminin qarşısını almağa, "böyük dövlətlərin silahları ilə təpədən-dırnağadək silahlanmış ermənilərin qarşısında azərbaycanlıları müdafiə edib, soyqırımına mane olmağa" çağırırdı.

Cavad Heyət həmin məktubda Azərbaycanı düşdüyü fəlakətli vəziyyətdən çıxarmaq üçün səyləri gücləndirməyə, “böyük dövlətlərin silahları ilə təpədən-dırnağadək silahlanmış ermənilər qarşısında azərbaycanlıları müdafiə edib soyqırımına mane olmağa çağırırdı. Bu məktubunda Doktor Cavad qardaşlarının taleyinə biganə qala biməyərək, ağır gündə, dar məqamda onlara kömək üçün həyəcan təbili çalırdı. Əlindən gələni əsirgəməyən Doktor Cavad Heyət başqalarını da yardıma, haraya çağırırdı. O, bütün dünyanı Azərbaycanın haqq işinin müdafiəsinə səsləyirdi.

- Təsadüfi deyil ki, Cavad Heyətin bu cür yanğılı Azərbaycan sevdası xalqımız tərəfindən daim yüksək qiymətləndirilib...

- Bəli, Cavad Heyət Azərbaycanın elmi və mədəni nailiyyətlərinin geniş tanıdılması, eləcə də ədəbi əlaqələrin möhkəmləndirilməsi işinə layiqli töhfələr verərək, Türk dünyasının, o cümlədən Aərbaycan xalqının qəlbində taxt qurmuş görkəmli bir şəxsiyyətdir. Xalq şairi Bəxtiyar Vahabzadə çox haqlı olaraq qeyd edirdi ki, “Cavad Heyət həkimlikdən qazandığı sərvətini millətinin mənəvi yüksəlişinə sərf edən mənəviyyat fədaisidir. Təbabət maddi elmdir, o, təbabətdən əldə etdiyi maddi gəliri xalqın mənəviyyatına xərcləməklə maddi dünyanı mənəvi dünyaya fəda edir. O, həkim kimi adamların vücudunu, naşir, ədəbiyyatçı və tarixçi alim kimi isə vətəndaşların mənəviyyatını müalicə edir, onları öz soykökünə, yəni mənəvi varlığına qaytarır. Mən mənsub olduğum xalqa bundan böyük xidmət tanımır və güneyli fikir və əqidə qardaşımın o şəraitdə elədiklərinin böyüklüyü qarşısında səcdə edirəm."

Təsadüfi deyildir ki, ulu öndər Heydər Əliyev də Cavad Heyətin şəxsiyyətini, milli-mədəni sahədəki fəaliyyətini yüksək qiymətləndirirdi və bir neçə dəfə onu qəbul edərək səmimi söhbətlər etmişdi. Ulu öndərimiz Cavad Heyəti Bakıda qəbul edərkən xeyirxahlığına, Vətən üçün əhəmiyyətli işlərinə və İranla Azərbaycan arasında dostluq körpüsü yaratdığına görə ona minnətdarlıq etmişdi.

Bu da təsadüfi deyildi ki, Cavad Heyət 2007-ci il iyunun 23-də Tehranda "Azərtac"a müsahibəsində Heydər Əliyevin onu özünə dost bilməsini yüksək dəyərləndirərək deyirdi ki, “mən bu bu dahi insanın fikirlərindən, sözlərindən, prinsiplərindən həmişə bəhrələnmişəm. O, həqiqətən öndər, dahi şəxsiyyət idi. Azərbaycanı bəlalardan xilas etmiş Heydər Əliyev ən böyük adlara layiqdir”.

Prezident İlham Əliyev də Cavad Heyətə diqqət və qayğı göstərirdi. 2005-ci il iyunun 27-də Prezidentimiz onu qəbul etmiş, fəaliyyətini yüksək dəyərləndirmiş və ölkəmizə tez-tez səfərə gələn bu fədakar alimimizə Bakının mərkəzində ev hədiyyə etmişdi. Cavad Heyət Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə çox sevininərək qeyd edirdi ki, "Mən inanıram ki, Azərbaycan Prezident Heydər Əliyev yolu ilə sonadək inamla irəliləyəcəkdir. Çünki İlham Əliyevin bu şərəfli missiyada güvəndiyi Azərbaycan xalqı, bəhrələndiyi Heydər Əliyev dühasıdır".

Cavad Heyət sabiq daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən də qəbul edilmiş, DİN-in rəhbəri polis əməkdaşlarının saqlamlığına verdiyi töhfələrə görə professor Cavad Heyətə dərin minnətdarlığını bildirmişdi.

2014-cü ildə haqq dünyasına qovuşmuş, Bakıda – 2-ci Fəxri Xiyabanda dəfn olunmuş görkəmli azərbaycanlı cərrah, professor Cavad Heyətin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Maraqlı söhbət üçün sizə təşəkkür edirik.

Hikmət Xudiyev (Cəmilzadə),
İstanbul


Tehsil-press.az

Oxşar xəbərlər