Azərbaycan Universitetinin professoru Belarusda beynəlxalq konqresdə məruzə edib

Azərbaycan Universitetinin professoru Belarusda beynəlxalq konqresdə məruzə edib Azərbaycan Universitetinin professoru Asif Hacıyev Belarusun paytaxtı Minskdə keçirilən “Müstəqil Dövlətlər Birliyi ölkələrinin dil siyasəti” mövzusuna həsr olunmuş beynəlxalq konqresdə “Rusdilli təhsil Azərbaycan multikulturalizm modeli kontekstində: dil siyasəti, metodologiya və praktika” mövzusunda məruzə ilə çıxış edib.
Asif Hacıyev məruzəsində Azərbaycanda müxtəlif xalqların mədəniyyətinə və dillərinə olan tolerant münasibətdən danışıb, multikulturalizmin Azərbaycan xalqının həyat tərzi və dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, rus və rusdilli əhalinin, ölkəmizdə yaşayan digər xalqların hüquqlarının hərtərəfli təmin edildiyini vurğulayıb. O, ölkəmizdə rus dilindən ictimai həyatda geniş istifadə edildiyini, rusdilli bədii və elmi yaradıcılığın, mətbuatın inkişafda olduğunu qeyd edib, rus dilində təhsilin kütləviliyini konkret faktlar və statistik göstəricilərlə konqres iştirakçılarının diqqətinə çatdırıb.
Məruzədə Azərbaycanın təhsil müəssisələrində rus və digər xalqların dillərində tədrisin dövlət təhsil sisteminin tərkib hissəsi olduğu, milli standartlar, proqram və dərsliklər üzrə aparıldığı, dövlət büdcəsindən maliyyələşdirildiyi qeyd olunub. Həmçinin rusdilli təhsilin şagirdlərin etnik mentalitetinə uyğun qurulduğu və onlara vətəndaş kimliyini aşıladığı, bununla da, ölkədə ümummilli birliyin və mədəniyyətlərarası tolerantlığın möhkəmlənməsinə xidmət etdiyi göstərilib, bu məqsədlə xüsusi elmi-metodik meyarların hazırlandığı bildirilib.
Rus və digər etnik qrupların dilinə, mədəniyyətinə Azərbaycanda olan ahəngdar münasibət haqqında verilmiş məlumat konqres nümayəndələrində ölkəmiz haqqında dolğun təsəvvür yaradıb, nümunəvi hal kimi qiymətləndirilib. Bu qənaət xarici ölkələrin informasiya mənbələrində də qeyd olunub, Rusiyanın dövlət təşkilatı olan Rossotrudniçestvanın Moldova nümayəndəliyi rəsmi internet səhifəsində professor Asif Hacıyevin məlumatını bu şəkildə ümumiləşdirib: “Zaqafqazyada rus dili daha az istifadə olunur, ancaq bununla bərabər ona olan maraq azalmır. Azərbaycan Universitetinin professoru Asif Hacıyev qeyd edir ki, Azərbaycanda rusdilli təhsilin kütləvi xarakteri onunla müəyyənləşir ki, rusdillilik – milli polikultur həyat tərzinin mühüm tarixi komponentlərindən biridir”.
Tədbirdə MDB üzvü olan 11 dövlətin, o cümlədən Azərbaycanın elm və təhsil müəssisələrinin, ictimai təşkilatlarının və mətbuat orqanlarının 150-dən çox nümayəndəsi iştirak edib. Tədbirin açılışında MDB İcra Komitəsinin sədri Sergey Lebedevin təbrik məktubu səsləndirilib, rəsmi şəxslərin, diplomatların, elm və təhsil xadimlərinin çıxışları dinlənilib. Konqresin bölmələrində multikulturalizm və çoxkonfessiyalılıq şəraitində dillərin tədrisi, çoxdillilik və mədəniyyətlərarası kommunikasiya, müasir dövrdə MDB məkanında rus dilinin rolu və statusu və digər bu kimi məsələlər müzakirə edilib.

Mətbuat Xidməti


Azərbaycan Universitetinin professoru Belarusda beynəlxalq konqresdə məruzə edibAzərbaycan Universitetinin professoru Belarusda beynəlxalq konqresdə məruzə edibAzərbaycan Universitetinin professoru Belarusda beynəlxalq konqresdə məruzə edib

Oxşar xəbərlər