Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da satışa çıxarılıb

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin kitabları “Amazon”da satışa çıxarılıb Azərbaycan Universitetinin professoru Asif Hacıyevin Türkiyədə dərc edilmiş “Ahıska Türk Folkoru” və “Rus Edebiyatında Kuran-i Kerim” kitablarının elektron variantları beynəlxalq Amazon.com şirkəti tərəfindən satışa çıxarılıb.
Türkiyənin Atatürk Kültür Merkezi Başkanlığı Yayınları tərəfindən dərc olunmuş “Ahıska Türk Folkloru” və “Dogu Kutuphanesi Yayınlarının türk dilinə tərcümə edərək nəşr etdiyi “Rus Edebiyatında Kuran-i Kerim” kitabları bu mövzulara həsr olunmuş ilk elmi əsərlər kimi Türkiyədə və digər ölkələrdə böyük maraqla qarşılanıb. Ahıska türklərinin folkloru və mifologiyası, etnik mədəniyyəti və tarixinin tədqiqi ilə hələ 1980-ci illərin ortalarından məşğul olan Asif Hacılı bu mövzuda Azərbaycanda və xarici ölkələrdə çap olunmuş bir sıra kitabların və məqalələrin müəllifidir. Bu əsərlərdə Ahıska türklərinin mədəniyyəti, mifoloji və dini inancları, etnoqrafiyası, folklor və ədəbiyyatı, sürgün dövründə baş verən siyasi, etnoloji proseslər, eləcə də Ahıska türklərinin Azərbaycanda məskunlaşması, onlara ölkəmizdə olan dövlət qayğısı, ictimaiyyətin doğma münasibəti tədqiq olunur.
Asif Hacıyevin öncə Azərbaycanda nəşr olunmuş “Rus Edebiyatında Kuran-i Kerim” kitabı Türkiyənin Doğu Kütüphanesi Yayınlarının təşəbbüsü ilə türk dilinə tərcümə edilərək böyük tirajla nəfis şəkildə dərc edilib. Müəllifin bu monoqrafiyası da Türkiyə elmi ictimaiyyətinin, akademik dairələrin və təhsil müəssisələrinin diqqətini cəlb edib. Kitab haqqında nüfuzlu mətbuat orqanlarında və elmi məcmuələrdə müsbət rəylər çıxıb. Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Universitetinin rektorluğu professor Asif Hacıyevi universitetə dəvət edərək bu kitabın təqdimat mərasimini təşkil edib. Səfər zamanı Universitetin “15 Temmuz Konqres Mərkəzi”ndə Ədəbiyyat və İlahiyyat fakültələrinin müəllim, doktorant, magistrant və tələbələrindən ibarət 400-dən çox iştirakçı qarşısında professor Asif Hacıyevin “Rus ədəbiyyatında Quran- i Kərim” mövzusunda çıxışı dinlənilib və müzakirə olunub. Məruzədə Azərbaycan mədəniyyətinin rus ədəbiyyatına təsiri də ətraflı şərh olunub, ədəbi əlaqələrin xalqların və mədəniyyətlərin dialoqunda rolu qeyd edilib. Azərbaycanlı alimin Kayseridəki bu çıxışı, eləcə də səfər dövründə həmin Universitetdə etdiyi “Çağdaş Azərbaycan və rus ədəbiyyatı”, Türk Ocaqları Kayseri şöbəsindəki “Müstəqillik dövrü Azərbaycanda çokkültürlülük” mövzusunda çıxışları Türkiyənin nüfuzlu mətbuat orqanları, internet səhifələri və tv kanalları tərəfindən geniş işıqlandırılıb.
Filoloq, tarixçi, etnoqraf, etnoloq, ilahiyyatçı, mədəniyyətşünas mütəxəssis və tələbələr üçün dəyərli məxəz olan hər iki kitabın Türkiyə nəşrlərinin Amazon.com tərəfindən satışa çıxarılması azərbaycanlı alimin araşdırmalarına və bütövlükdə ölkəmizdə aparılan humanitar tədqiqatlara beynəlxalq miqyasda elmi marağı təsbitləyən göstərici kimi dəyərləndirilə bilər.

İctimaiyyətlə əlaqələr şöbəsi

Oxşar xəbərlər