UNEC-də 16 minədək bakalavr və magistr imtahan verəcək

UNEC-də 16 minədək bakalavr və magistr imtahan verəcək Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-ci tədris ilinin qış imtahan sessiyasına start verilib.
İmtahan sessiyasında bakalavr səviyyəsində 12 min 412 tələbənin 6 fənn üzrə biliyi qiymətləndiriləcək. Magistratura səviyyəsi üzrə 3 min 360 nəfərin attestasiyası nəzərdə tutulub. Universitetin Zaqatala filialı üzrə isə bakalavr səviyyəsində 628 tələbə imtahan sessiyasında iştirak edəcək. UNEC-in nəzdində fəaliyyət göstərən Maliyyə-İqtisad Kollecində attestasiya olunacaq tələbələrin sayı 1210 nəfərdir.
Sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi prioritet seçilib. Əvvəlki illərdə olduğu kimi, bu il də UNEC-də imtahanlar ictimaiyyətə açıq olacaq. Sessiyaya nəzarəti aparıcı təhsil ekspertlərindən, QHT və media nümayəndələrindən, tələbələrdən ibarət İctimai Nəzarət Şurası həyata keçirəcək. Sessiya dövründə “Açıq qapı” günləri təşkil olunacaq, sorğu və müraciətlər dinləniləcək.
Şəffaflığın və obyektivliyin effektiv təmin edilməsi məqsədilə sessiya dövründə 18 46 “Qaynar xətt”i, bütün tədris binalarında isə qərargahlar fəaliyyət göstərəcək.
UNEC 24/7 Kitabxanasında fasiləsiz xidmət göstəriləcək. Digər tədris binalarındakı kitabxana və oxu zalları isə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
UNEC-in Zaqatala filialında və Maliyyə-İqtisad Kollecində də imtahanlar eyni qaydada təşkil olunacaq.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər