Xəzər Universitetinin elmi uğurlarına həsr edilən konfrans keçirilib

Xəzər Universitetinin elmi uğurlarına həsr edilən konfrans keçirilib Xəzər Universitetinin elmi uğurları və Təbriz Universiteti ilə əməkdaşlığa həsr edilən konfrans keçirilib.
Ali təhsil ocağında keçirilən konfransda universitetin rəhbərliyi, fakültə dekanları, departament müdirləri və əməkdaşlar, İranın Təbriz universitetindən gələn nümayəndələr iştirak ediblər.
Konfransda universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək son illər ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin uğurla davam etdirildiyini, nüfuzlu jurnallarda məqalələrin dərcinin artdığını Və bu fəaliyyətin təşəkkürə, təltifə layiq olduğunu söyləyib.
İngilis dili və ədəbiyyatı departamentinin müdiri Bahman Amani Təbriz Universitetinin nümayəndələrini – Elektronika və kompüter mühəndisliyi departamentinin əməkdaşları – professor Ebrahim Babai, dosent Seyid Hadi Əqdəsi Ələmdari, professor Kazem Zarei və Təhsil və psixologiya departamentinin dosenti Rasul Heşmatini iştirakçılara təqdim edib, onların elmi fəaliyyətləri haqqında qısa məlumat verib.
Qonaqların adından çıxış edən professor Ebrahim Babai Təbriz Universiteti ilə Xəzər Universitetinin əməkdaşlığa başlamasının mühüm hadisə olduğunu və bu əməkdaşlığın səmərəli olacağına əmin olduğunu bildirib. Professor E.Babai elmi yaradıcılıqda uğur qazanmanın sirri və yolları ilə bağlı mühazirə oxuyub. Mövzu ətrafında maraqlı müzakirələr aparılıb.
Xəzər Universitetinin inkişaf mərkəzinin direktoru Raziyə İsayeva ali təhsil ocağı barədə təbrizli qonaqlar üçün nəzərdə tutulan geniş təqdimatla çıxış edib.
Sonra elmi-tədqiqat sahəsindəki uğurlara görə departament və tədqiqatçı müəllimlərə müxtəlif dərəcəli diplom və pul mükafatları professor Hamlet İsaxanlı başda olmaqla universitetin rəhbərliyi və Təbriz universitetindən gələn qonaqlar təqdim ediblər.
Tədbirdə universitetin musiqi və incəsənət departamentinin müdiri, Əməkdar Müəllim, pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə universitetin kamera orkestri və Xəzər Universitetinin müəllimi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Məhsəti Cabbarovanın iştirakı ilə Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət qısa konsert proqramı təqdim edilib.
Səfər müddətində Təbriz Universitetinin nümayəndələri Hamlet İsaxanlı ilə görüşdə universitetlər arasında əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Qonaqlar universitetin kampusu ilə tanış olub, fakültə, departament əməkdaşları və tələbələrlə görüşlər keçiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər