Azərbaycanlı professor Özbək Dili və Ədəbiyyatı Universitetində mühazirə oxuyub

Azərbaycanlı professor Özbək Dili və Ədəbiyyatı Universitetində mühazirə oxuyub Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin professor-müəllim heyəti və tələbələri qarşısında Azərbaycan-Özbəkistan münasibətləri, türkologiyanın problemləri ilə bağlı mühazirə oxuyub.
Universitetin professoru Dilnəvaz Yusupova Ramiz Əskərin yaradıcılığı haqqında danışıb. Vurğulayıb ki, alimin indiyədək 74 kitabı çap edilib. Bunun 55-i tərcümə kitablarıdır, o cümlədən 10-u özbək ədəbiyyatına aiddir. O, Əlişir Nəvainin “Xəmsə”sini Azərbaycan dilinə tərcümə edib və kitabın çapını gözləyir.
Ramiz Əskər Azərbaycanla Özbəkistan arasında ədəbi, mədəni-humanitar sahələrdə əlaqələrdən danışıb. Qeyd edib ki, Azərbaycanın şair və yazıçılarının Özbəkistanda, özbək yazarlarının əsərləri isə ölkəmizdə nəşr olunur.
Alim xatırladıb ki, iki il əvvəl Özbəkistanda Əlişir Nəvainin yubileyində iştirak edib və ona Nəvai şəhərinin fəxri vətəndaşı adı verilib. “Əlişir Nəvai “Xəmsə”ni iki ilə yazıb. Mən də o vaxt qərara aldım ki, iki ilə “Xəmsə”ni Azərbaycan dilinə tərcümə edim və iki ilin tamamında bu böyük işi başa çatdırdım”, - deyə Ramiz Əskər qeyd edib. Professor əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görüləcək işlərdən də danışıb.
Sonra Ramiz Əskər müəllim və tələbələrin suallarına cavab verib.

Tehsil-press.az

Oxşar xəbərlər