Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb

Magistraturaya qəbul imtahanının nəticələri açıqlanıb Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.
İmtahanın nəticələri ilə https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=16 linki vasitəsilə tanış olmaq mümkündür. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 15 min 738 bakalavrdan 183 nəfəri imtahana gəlməyib. 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 95 bal olub.
Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Bakalavrlar iyunun 8-dən 18-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun proqramı və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər. İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcək).
Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar DİM tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanından “məqbul” alanlar ixtisaslaşma seçiminə buraxılırlar.
Qeyd edək ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Bakalavrlar Apellyasiya Komissiyasına fevralın 26-da və 27-də saat 10.00-dan 17.00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apellyasiya komissiyası DİM-in Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Tehsil-press.az

Oxşar xəbərlər