Bakı Ali Neft Məktəbinin daha səkkiz tələbəsi Avropada təhsil alacaq

Bakı Ali Neft Məktəbinin daha səkkiz tələbəsi Avropada təhsil alacaq Bakı Ali Neft Məktəbinin (BANM) 8 tələbəsi “Erasmus+” proqramı çərçivəsində Bolqarıstanın Angel Kançev adına Ruse və Yunanıstanın Qərbi Attika universitetlərində 1 semestr müddətinə təhsil alacaq.
Tələbələrin tədris müddəti fevraldan iyunadək davam edəcək. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Avropada təhsil alacaq tələbələr və onların valideynləri ilə görüşüb. Rektor seçilmiş tələbələri təbrik edib və onlara qarşıdakı semestr ərzində uğurlar diləyib. O, həmçinin 1 semestrlik müddəti faydalı keçirməyi, yeni bilik və bacarıqlar əldə etməyi, Avropa universitetlərinin tədbirlərində fəallıq göstərməyi, əcnəbi tələbələrlə əlaqələrin qurulmasını, ölkəmizin, eləcə də ali məktəbin adını yüksək səviyyədə təmsil etməyi tələbələrə tövsiyə edib.
Bildirilib ki, BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) ixtisasının IV kurs tələbələri Azər Əliyev, Fidan Abbaszadə, Emil Nağızadə, Tərlan Əhədli Bolqarıstanın Angel Kançev adına Ruse Universitetində, Həmidə Əliyeva, Kamran Alcanov, Toğrul Nəbili, Ömər Məmmədov isə Yunanıstanın Qərbi Attika Universitetində təhsil almaq imkanı əldə ediblər.
“Ümumilikdə 2019-2020-ci tədris ilinin yaz semestrində Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi (PAM) ixtisasından 15 tələbənin “Erasmus+” proqramı çərçivəsində təhsilinin Avropada davam etdirilməsi nəzərdə tutulub. Onlardan 7-si yanvar ayından İspaniyanın Alkala Universitetində təhsil alır”, - deyə rektor bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər