Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib

Dövlət İdarəçilik Akademiyasında distant tədrislə bağlı hesabat dinlənilib Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) Elmi Şurasının onlayn şəkildə iclası keçirilib. İclasda DİA-da distant tədrisin vəziyyəti müzakirə edilib.
Onlayn iclası açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov ölkədə COVID-19 pandemiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin əhəmiyyətindən danışıb. Rektor bu sınaq dövründə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın hər bir vətəndaşa həssas münasibətini, xalqa ünvanlanan fərqli, səmimiyyət və qayğı dolu çağırışlarını xüsusi qeyd edib. Akademik Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə həyata keçirilən operativ tədbirlər sayəsində pandemiyanın miqyasının nəzarətdə saxlanıldığını, bu proses çərçivəsində həssas təbəqəyə aid vətəndaşların qorunması ilə bağlı önəmli addımlar atıldığını vurğulayıb. Qeyd edib ki, bu dönəmdə DİA-nın üzərinə düşən vəzifə tələbələrin tədrisdən geri qalmaması, təhsil proqramlarının mənimsənilməsidir. Bu məqsədlə akademiyada onlayn platformalar üzərindən dərslər davam etdirilir. Distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavr və magistrlər cəlb olunur. Yaxın günlərdə akademiyanın ixtisasartırma pilləsində təhsil alan müdavimlər üçün də onlayn dərslərə başlanılacaq.
Onlayn iclasda distant tədrisin gedişatı ilə bağlı problemlər müzakirə edilib, bunun üçün əlavə olaraq “Microsoft Teams” və digər platformaların istifadə imkanları dəyərləndirilib, tədris materialları, dərs cədvəllərinin yükləndiyi diqqətə çatdırılıb. Həmçinin distant təhsilin idarəedilməsi üzrə işçi heyətin formalaşdığı, bakalavr və magistrantlar üçün bütün dərslərin məsafədən davam etdirilməsi üçün lazımi işlərin tamamlandığı qeyd edilib. Qiyabi təhsil alan müdavimlərin imtahanlarının distant təşkili, yay məktəbinin də distant formada keçirilməsinə hazırlıq, eləcə də operativliyin təmin edilməsi məqsədilə dekanlıqların onlayn işinin təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.
Onlayn iclasda struktur rəhbərləri görülən işlərlə bağlı hesabatla çıxış ediblər.
Prorektorlar -professor Əlikram Abdullayev, hüquq üzrə fəlsəfə doktoru Cəfər Eyvazlı, dekanlar, professor Xatirə Hüseynova, professor Elçin Əhmədov, dosent Elmira Zeynalova, professor Gülnarə Qurbanova, kafedra müdirləri - dosent Fəxrəddin Nağıyev, dosent Yusif Ağayev, şöbə müdirləri - professor Ziyafət Həbibova, dosent Rəcəb Rəhimli və başqaları çıxış edərək tələbələrlə onlayn platformalarda tədrisin əhəmiyyətini vurğulayıb, qarşıda duran bəzi problemlərin həlli yollarını müzakirə ediblər.
Qeyd olunub ki, bu günlərdə tələbələrin və əməkdaşların yeni təhsil texnologiyalarını mənimsəmələri üçün onlara dəstək göstərilməlidir.

Tehsil-press.az



Oxşar xəbərlər