Azərbaycan Dillər Universiteti onlayn təhsillə bağlı bütün imkanlardan istifadə edir

Azərbaycan Dillər Universiteti onlayn təhsillə bağlı bütün imkanlardan istifadə edir Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimində universitetlərə onlayn dərslərin keçirilməsi Təhsil Nazirliyi tərəfindən tövsiyə olunub. Bununla bağlı universitetlərə işin texnoloji tərəfinin necə qurulması barədə məlumat verilib.
Bu barədə Tehsil-press.az-a Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsindən bildirilib. Qeyd olunub ki, universitet təhsilin davamlılığını təmin etmək, tələbələrin ehtiyaclarını ödəmək və yaranmış vəziyyətdən onların maksimal dərəcədə bəhrələnmələri üçün müxtəlif təkliflər üzərində çalışaraq öz işini qurub. İlk addım olaraq, təhsildə fasilə yaranmaması üçün universitetin professor-müəllim heyəti videodərslər təşkil edib, texniki imkanlar vasitəsilə tələbələrlə ünsiyyət yaradıb. Bundan başqa adu.edu.az saytında yerləşdirilən resurslardan (fənn sillabuslarından, proqram, PP prezentasiya və mühazirələrdən) faydalanmaları tövsiyə olunub. Universitetin professor-müəllim heyəti, tələbələr və doktorantlar üçün kitabxana tərəfindən DSpace rəqəmsal kitabxanada dərslik və dərs vəsaitlərini açıq PDF variantda oxumaq, köçürmək, “Goole Drive”da yerləşdirmək və çap etmək imkanı yaradılıb (adu.edu.az/ kitabxana DSpace, yaxud axtarışda http://217.64.17.124:8080/xmlui). Vaxtaşırı tərəfdaş universitetlərin və dünya kitabxanalarının açıq giriş (istifadə) elan olunan linklərinin yerləşdirilməsi də bu qəbildən olan işlərdəndir.
ADU Təhsil Nazirliyi tərəfindən təklif olunmuş “Microsoft Teams” platformasına qoşulmaq üçün müəllim və tələbə heyətinə lisenziyalar alıb. Bu da universitetin İKT şöbəsi və İnformasiya Texnologiyaları kafedrası vasitəsilə həyata keçirilib. Növbəti addım müəllimlər üçün virtual təlimlərin keçirilməsi idi. Azərbaycan Dillər Universitetinin rəsmi səhifəsində prezentasiyalar və vebinarların elanları yerləşdirilib.
Məqsədimiz həm öyrədənlər, həm də öyrənənlər üçün yaranmış çətin vəziyyətdən çıxış yolu tapmaq və ondan səmərəli istifadə etməkdir. Beynəlxalq təcrübədən bəhrələnərək və universitetin spesifikasını (20–yə yaxın xarici dillərin tədris olunması) nəzərə alaraq məsafədən dərslərin keçirilməsi üçün digər resurslara (more than 100 TOOLS) müraciət olunub. Bunlardan “Zoom”, “Twiddla”, “Google Class”, “Skype”, “Google Docs”, “Google Hangouts”, “WhatsApp” kimi platformaları nümunə gətirə bilərik.
Növbəti addım kimi mart ayının sonundan bu günə kimi ADU-nun məzunu - hazırda Kanadada yaşayan, 20 ildən artıq bu sahədə təcrübəsi olan ESL Instructor, Trainer and Program Administrator Fəridə Ağaməmmədovanın “Onlayn dərslərinin təhsilimizdə rolu və əhəmiyyəti” mövzusunda silsilə vebseminarların təşkilidir. Bu seminarlara qoşulmaqla təlim-tədris prosesinin məsafədən təşkilində yeni metod və yanaşmalarla tanış olur, nəticə etibarilə tələbələrdə təhsilə motivasiya yaratmış oluruq. Distant təhsilin ölkəmiz üçün uğurlu olacağına inanıb indiki şəraitdə yaranan yalnız bir problemi qeyd etmək istərdik, bu da bəzi regionlarda internetin zəif olmasıdır.
Əminliklə deyə bilərik ki, bu istiqamətdə işimiz davam edəcək və qazandığımız uğurlar gələcəkdə təhsildə müasirləşdirmə, elmi nailiyyətlərə və innovasiyalara doğru yeni yollar açacaq.
Bundan başqa, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronovirusla mübarizədə həyata keçirilən qabaqlayıcı və səmərəli tədbirlərin, eləcə də yüksək təhlükəsizlik tədbirlərinin əhalinin sağlamlığının qorunmasına xidmət etdiyini nəzərə alıb, hamını bu məsələdə həmrəy olmağa, dövlətin verdiyi qərarlara məsuliyyətlə yanaşmağa, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.

Tehsil-press.az



Oxşar xəbərlər