
Əslində, koronavirusun yayılmasının bu qədər ciddiyə alınmasının kökündə tarixin insanlığa keçdiyi sərt ibrət dərsləri durur. Bəla ötənə qədər təcrid olunmaq, özünün və başqalarının həyatına təhlükə yaratmamaq tələb olunur. Bunun üçün dövlət zəruri hesab olunan tədbirləri görür. Bu tədbirlərdən biri də təhsil prosesini əhatə edir.
İndi dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da təhsil ocaqlarının işinə fasilə verilib. Burada əsas məqsəd insanları təcrid etməklə xəstəliyin yayılması risklərini azaltmaqdır. Ona görə də bütün inzibati tələblər müzakirə olunmadan sözsüz yerinə yetirilməlidir...
İndi bizi ilk növbədə itkilərimizi necə azaltmaq sualı düşündürməlidir. Yaranmış şəraitdən ən az itki ilə çıxmağın düzgün yolu isə hər bir vətəndaşın öz məsuliyyətini dərk etməsindən keçir. Biz həm həyat tərzimizi təcridolunma şəraitinə uyğunlaşdırmalı, həm də gələcəyimizin üfüqlərinə baxmağı bacarmalıyıq.
Gənclərimiz, xüsusən də tələbələr bu yeni və gözlənilməz şəraitə növbədənkənar “tətil” kimi yanaşmamalıdırlar. Yaranmış şəraiti, evdə qalmağı fürsətə çevirmək üçün yollar axtara bilərik və bu yolları tapmaq, onlardan faydalanmaq mümkündür.
İndi yeni bir təhsil forması - onlayn dərslərlə də tanışlığımız yaranır, bu sahədə ilk təcrübələrimizi aparırıq. İlk addımlarda həm texniki, həm də psixoloji baxımdan müəyyən mürəkkəblik müşahidə olunsa da, bu fürsət layiqincə qiymətləndirilməlidir. Onlayn dərslər, hər şeydən öncə, müəllim-tələbə və tələbə-tələbə təmaslarının arasıkəsilməzliyinə şərait yaradır. Arzu edərdim ki, onlayn dərslərdə tələbələrimizin təşəbbüskarlığı daha da güclənsin. Onlar özlərini maraqlandıran sualları verməkdən çəkinməsinlər. Oxuduqları mətnləri müzakirə etməyə çalışsınlar. Onlayn dərslərdə interaktivlik artdıqca müəllim-tələbə təmaslarının məhsuldarlığı da artacaq.
Ədəbiyyat tarixi fənnini tədris edərkən tələbələrimə əsas tövsiyəm bu olur ki, bədii əsərləri oxusunlar, özlərində mətn üzərində təhlil aparmaq qabiliyyəti formalaşdırmağa çalışsınlar. Yəni istənilən yazıçını onun haqqında yazılanlara və danışılanlara görə deyil, həmin yazıçının özünün yazdıqlarına görə tanımaq lazımdır. Ədəbiyyat tarixinə, ədəbiyyatın ayrı-ayrı hadisələrinə, ayrı-ayrı əsərlərə münasibət zaman keçdikcə, elm inkişaf etdikcə dəyişir. Dəyişməyən isə yazıçıdan qalan mətnlər, bədii əsərlərdir.
Bu baxımdan, koronavirus “tətilini” mütaliə etmək üçün fürsətə çevirən tələbələrimizin bu sınaqdan daha uğurla çıxacaqlarına əminəm...”
Tehsil-press.az