Təhsil naziri rektorlarla videokonfrans keçirib

Təhsil naziri rektorlarla videokonfrans keçirib Təhsil naziri Ceyhun Bayramov nazirliyin aparatının rəhbər şəxsləri və ali təhsil müəssisələrinin rektorlarının iştirakı ilə videokonfrans keçirib.
Təhsil naziri koronavirus pandemiyasının təsirlərinin minimallaşdırılması istiqamətində ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqların icrası vəziyyəti barədə konfrans iştirakçılarına geniş məlumat verib, həmçinin ölkə ərazisində təlim-tərbiyə prosesinin martın əvvəlindən dayandırılması ilə əlaqədar bir sıra məsələləri müzakirəyə çıxarıb.
Qeyd edilib ki, mart ayından başlayaraq ali təhsil müəssisələrinə verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq həmin müəssisələrdə tədrisin məsafədən təşkili təmin edilib, bu məqsədlə istifadə edilən “Microsoft Teams” və bəzi digər onlayn platformalara bu günədək 95 mindən artıq tələbə qoşulub və hazırda bu prosesin əhatəsi genişlənir. Tövsiyəyə uyğun olaraq, məsafədən tədris zamanı qazanılmış müsbət təcrübələr ali təhsil müəssisələri arasında paylaşılır, qarşılıqlı əməkdaşlıq şəraitində müzakirələr davam etdirilir.
Təhsil naziri qeyd edib ki, martın 19-da Prezident İlham Əliyev tərəfindən imzalanmış “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamın icrası məqsədilə Nazirlər Kabineti tərəfindən tədbirlər planı təsdiq edilib. Tədbirlər planına əsasən, bir sıra istiqamətlərlə yanaşı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi üçün 40 milyon AZN məbləğində kompensasiya nəzərdə tutulub, bu istiqamət üzrə icraçı qurumlar Təhsil və Maliyyə nazirlikləri, icra müddəti isə 2020-ci il müəyyən edilib. Bu məqsədlə Təhsil Nazirliyi ali təhsil müəssisələrinə bu kateqoriyaya aid olan tələbələrdən müvafiq müraciətlərin toplanmasını tapşırıb. Həmin müraciətlərin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə yaradılmış alt-sisteminə növbəti həftədən başlayaraq daxil edilməsi nəzərdə tutulur. Hazırda aidiyyəti dövlət orqanlarının və qurumlarının informasiya sistemlərinin və ehtiyatlarının “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə inteqrasiyası işləri davam etdirilir.
Bundan əlavə, ali təhsil müəssisələrində mövcud vəziyyəti nəzərə alaraq tələbələrin tədris ilinin ikinci yarımilliyinin nəticələrinə əsasən qiymətləndirilməsi prosesinin təşkilinə dair fikir mübadiləsi aparılıb, nazirlik tərəfindən bu istiqamətdə ümumi tövsiyələr verilib və hər bir ali təhsil müəssisəsi tərəfindən bu məqsədlə görüləcək konkret tədbirlər barədə təkliflərin qısa müddət ərzində Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Videokonfransda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər