Akademik: Pandemiya dövrünün gözəgörünməyən qəhrəmanlarının ədəbiyyatda obrazları yaradılmalıdır

Akademik: Pandemiya dövrünün gözəgörünməyən qəhrəmanlarının ədəbiyyatda obrazları yaradılmalıdır AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib. İclasda akademik İsa Həbibbəyli ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı çıxış edib. O deyib: “Azərbaycanda həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəmizin bu çətin sınaqdan uğurla çıxmasını təmin etdi. Bu çətin günlərdə həkimlərimiz böyük fədakarlıqlar göstərdilər. Azərbaycan polisi də maarifləndirmə işlərində fəallıq göstərdi. Operativ qərargahın gördüyü işləri də yüksək qiymətləndirmək lazımdır. Tibb işçilərinin obrazı ilə yanaşı, Azərbaycan polisi haqqında yeni əsərlərin yaranması vacibdir. Pandemiya dövrünün gözəgörünməyən qəhrəmanlarının ədəbiyyatda obrazları yaradılmalıdır.
Bu çətin günlərdə Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi bu istiqamətdə nümunəvi ilk addım oldu”.
Ədəbiyyat İnstitutunun direktoru elmi tədqiqat şöbələrinin fəaliyyətlərini onlayn davam etdirdiklərini diqqətə çatdırıb. Bildirib ki, institutun www.literature.az saytı əməkdaşların məqalələrini, zəruri elmi informasiyaları operativ paylaşıb.
Akademik İsa Həbibbəyli Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə Türk Dünyası Elmlər Akademiyaları Birliyinin videokonfransında, UNESCO-nun 2020-ci il yubileylər siyahısına salınan Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş beynəlxalq onlayn konfransda çıxış etdiyini xatırladıb.
Sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli “Ədəbi proses-2019” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti, Əziz Mirəhmədov haqqında kitabın və Məhəmməd Hadi ilə bağlı məqalələrin toplanması işinin gedişatı barədə məlumat verib.
Onlayn iclasda institutun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Azərbaycan altmışıncıları” kollektiv monoqrafiyasının hazırlanması, Molla Pənah Vaqifin həyatı və yaradıcılığından bəhs edən kitabın üzərində aparılan işlər barədə danışıb. Elmi katib, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının iki buraxılışının hazırlandığını, özünün Çingiz Aytmatovun həyatı və yaradıcılığı haqqında monoqrafiyasını tamamladığını bildirib. Direktor müavini Rəşad Qasımov da karantin dövründə həyata keçirilən bir sıra işlər barədə məlumat verib.
Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin “Dünya ədəbiyyatı” jurnalının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birgə xüsusi buraxılışının nəşrə hazırlanmasının son vəziyyəti barədə fikirlərini bölüşüb.
Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İmamverdi Həmidov “Əfzələddin Xaqani: həyatı və yaradıcılığı” kollektiv monoqrafiyasının nəşrə hazırlanması və Əmir Xosrov Dəhləvi haqqında əsərin tamamlanmaq üzrə olmasını diqqətə çatdırıb.
Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyev institutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının görkəmli qazax şairi Abay Kunanbayevə həsr olunmuş xüsusi buraxılışı üçün hazırlıq prosesi, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov əməkdaşların fəaliyyəti haqqında danışıb.
Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd Şamil Salmanov haqqında məqalələr toplusu hazırlandığını, Füzulişünaslıq sektorunun müdiri, filologiya elmləri doktoru Ataəmi Mirzəyev böyük şair haqqında monoqrafiyanın üzərində işlərin yekunlaşdığını nəzərə çatdırıb.
Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli “Ədəbi proses-2019” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti, habelə öz elmi yaradıcılıq fəaliyyəti haqqında danışıb. Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd “Molla Nəsrəddin” ensiklopediyasının son redaktə işləri, yeni çap olunmuş “Mətbuat tarixi və publisistika məsələləri”nin ikinci cildi haqqında danışıb.
Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Binnətova institutun “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr olunmuş xüsusi buraxılışının nəşrə hazırlanması və iştirak etdiyi onlayn konfranslar barədə fikirlərini bölüşüb.
Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elnarə Akimova “Xanımana Əlibəyli: həyatı və yaradıcılığı” monoqrafiyasının nəşrə hazırlanması vəziyyəti haqqında söz açıb.
İclasda, həmçinin Dissertasiya şurasının fəaliyyəti haqqında məlumat verilib.

Tehsil-press.az

Oxşar xəbərlər