Gürcüstanın dövlət naziri azərbaycanlıların müdafiəsinə qalxdı

Gürcüstanın dövlət naziri azərbaycanlıların müdafiəsinə qalxdı Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili son günlər sosial şəbəkələrdə yerli azərbaycanlılar barədə yazılan təhqiramiz fikir və ifadələrə sərt reaksiya verib.
O, bu cür halların qətiyyən yolverilməz olduğunu bildirib.
Dövlət nazirinin sözlərinə görə, səsləndirilən bu cür fikir və bəyanatlar Gürcüstan cəmiyyətinə qarşı yönəlib: “Əminəm ki, cəmiyyət də anlayır ki, ictimaiyyətdə münasibətlərin gərginləşdirilməsinə yönələn bu cür cəhdlər heç bir nəticə verməyəcək. Ciddi qlobal pandemiya problemi fonunda gözəgörünməz düşmənlə uğurla mübarizə aparmaq üçün bizə birlik və qarşılıqlı dəstək olduqca lazımdır”.
K.Tsixelaşvili qeyd edib ki, Gürcüstanın bütün bölgələrində etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir həmvətəndaşın həyat və sağlamlığı eyni səviyyədə prioritet məsələdir: “Gürcüstanın bütün vətəndaşları bərabərdir. Etnik müxtəliflik ölkəmizin unikal xəzinəsi olub və bundan sonra da olacaq”.
Qeyd edək ki, koronavirus pandemiyası dövründə, xüsusən də son günlər Gürcüstanda sosial şəbəkələrdə yerli azərbaycanlı vətəndaşlara qarşı milli zəmində təhqiramiz, alçaldıcı fikir və şərhlər geniş yayılıb.

Tehsil-press.az

Oxşar xəbərlər