Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert yayımlanacaq

Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert yayımlanacaq Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə virtual konsert proqramı hazırlanıb. Ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunduğundan layihə Heydər Əliyev Mərkəzində tamaşaçısız zalda həyata keçirilib.
Layihə dizayn və texniki həll baxımından maraqlı cəhəti ilə fərqlənir. Belə ki , Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası üzvlərinin çıxışları hər biri ayrılıqda çəkilib, Heydər Əliyev Mərkəzinin Auditorium zalındakı solo çıxışlarla sinxronlaşdırılıb. Konsertdə Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Samir Cəfərov, Alim Qasımov, Ənvər Sadıxov, Əməkdar artistlər Sevda Ələkbərzadə, Fərqanə Qasımova, Sahib Paşazadə, Şəhriyar İmanov, tanınmış opera müğənnisi Azər Zadə, skripka ifaçısı Ceyla Seyidova, “Natiq” Ritm Qrupu və digərləri iştirak edir.
Eləcə də xarici ölkələrdə yaşayan bir sıra azərbaycanlı incəsənət ustaları – Xalq artistləri Əlixan Səmədov, Elçin Əzizov və Dinarə Əliyeva, mahir pianoçu Etibar Əsədli də konsert proqramına virtual olaraq qoşulub.
Əməkdar artist Fuad İbrahimovin dirijorluğu ilə keçən konsertdə Azərbaycan və dünya bəstəkarlarının əsərləri təqdim olunacaq.
Konsert proqramı bu gün 21.30-da Azərbaycan Televiziyası, İctimai TV və Real TV-də yayımlanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər