“Zirvədən zirvəyə və əbədiyyətə” adlı onlayn elmi-praktik konfrans keçirilib

“Zirvədən zirvəyə və əbədiyyətə” adlı onlayn elmi-praktik konfrans keçirilib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə gənclər təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş “Zirvədən zirvəyə və əbədiyyətə” adlı onlayn elmi-praktik konfrans keçirilib.
Konfransda çıxış edən tələbə gənclər təşkilatının sədr əvəzi Sərxan Şahverdiyev ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolu haqqında danışıb.
Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva Ulu Öndərin həyata keçirdiyi müdrik xarici və daxili siyasətdən, milli ideologiyanın formalaşması istiqamətində gördüyü işlərdən bəhs edib.
Sonra tələbələr Əlirza Əlizadə “Şanlı tariximizin qızıl səhifəsi”, Sevinc Vəliyeva “Müasir Azərbaycanın qurucusu”, Brilliant Kazımova “Əbədi yaşayan şəxsiyyət”, Anar Əhmədov “Tarixin bəxş etdiyi siyasətçi” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə Ulu Öndərin gənclər və mədəniyyət siyasəti haqqında danışılıb, onun milli-mənəvi dəyərlərimizə qayğısından söz açılıb.
Konfransda qeyd olunub ki, bu gün Azərbaycanda Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir. Tələbələr Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət və incəsənət sahəsində gördüyü işlərdən, ölkədə gənclər üçün yaradılan imkanlardan danışıblar.

Tehsil-press.az

Oxşar xəbərlər