BDU-da virtual elmi konfrans: riyaziyyat, mexanika və onların tətbiqləri

BDU-da virtual elmi konfrans: riyaziyyat, mexanika və onların tətbiqləri Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat fakültəsinin təşkilatçılığı ilə “Riyaziyyat, mexanika və onların tətbiqləri” mövzusunda Respublika virtual elmi konfransı işə başlayıb. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib.
Virtual konfransda çıxış edən rektor Elçin Babayev koronavirus (COVID-19) pandemiyasının dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, xəstəliyin Azərbaycanda yarada biləcəyi fəsadların Prezident İlham Əliyevin səyləri nəticəsində minimuma endirildiyini vurğulayıb. Pandemiyanın yayılmasının qarşısının alınmasında hər bir vətəndaşın üzərinə düşən məsuliyyət və vəzifənin əhəmiyyətinə diqqət çəkən rektor mövcud vəziyyətlə əlaqədar olaraq universitetdə tədrisin təşkilinin onlayn formada günün tələblərinə uyğun yüksək səviyyədə aparıldığını qeyd edib. O, konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.
COVID-19 pandemiyasının ölkəmizə, tələbə və müəllimlərə, eyni zamanda, tədqiqat sahəsinə təsirindən danışan Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov bildirib ki, müasir dünyada elm və texnologiyanın inkişafı yeni təhsil ehtiyacları yaratmaqla yanaşı, təhsil tətbiqlərinə yeni imkanlar təqdim etməkdədir.
Konfransda AMEA-nın və BDU-nun alimlərinin, habelə magistrantların məruzələri dinlənilib. “Məsaməli mühitlərdə köçmə məsələləri və onların həlləri”, “İkinci tərtib hiperbolik tənlik üçün zamana görə qeyri-lokal tərs sərhəd məsələsinin tədqiqi”, “Xüsusi törəməli elliptik tənliklər üçün bəzi qeyri-xətti məsələlərin həllərinin qlobal bifurkasiyası”, “Riman-Liuvill kəsr inteqralının adi kəsr inteqo-diferensial tənliklə xarakterizasiyası”, “Kəsilmə nöqtəsinə malik bir spektral məsələnin məxsusi ədədlərinin və məxsusi funksiyalarının xassələri” və digər məruzələr iştirakçıların marağına səbəb olub.
Virtual elmi konfransın moderatoru, BDU-nun Hesablama riyaziyyatı kafedrasının dosenti Elvin Əzizbəyov statistik məlumatları təqdim edərək məruzəçilərə və magistrant-tələbələrə aktiv iştiraka görə təşəkkürünü bildirib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Respublika elmi konfransını 100-dən çox iştirakçı dinləyib. Diskussiya şəraitində davam edən konfransın ilk günü sualların cavablandırılması ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər