Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında yaz imtahan sessiyası iyunun 8-dən başlayır

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında yaz imtahan sessiyası iyunun 8-dən başlayır Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası iyunun 8-də başlamaqla 5 həftə müddətində keçiriləcək.
Sənətşünas və yaradıcı ixtisaslarda tələbələrin cari (aparılıb-aparılmamasından asılı olmayaraq) və aralıq qiymətləndirilməsinin ümumi nəticələri 100 ballıq sistemlə aparılacaq və tələbənin imtahana giriş balı 50 balla hesablanacaq. Sənətşünas (bakalavriat və magistratura) ixtisasında tələbələrin seçimi nəzərə alınaraq, yekun attestasiyası onlayn və ya ümumi orta müvəffəqiyyət göstəricisinə əsasən qiymətləndiriləcək.
Yaradıcı rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ sənət və dizayn ixtisaslarını bitirən tələbələr buraxılış işini yerinə yetirib ali məktəbə təqdim etməlidirlər (kağız daşıyıcı və ya elektron formada). Bu halda ümumi orta müvəffəqiyyət göstəricisinin nəticələrinə əsasən buraxılış işinin müdafiəsinə buraxılan tələbənin qiymətləndirilməsi zamanı onun buraxılış işinin təqdim etməməsi yekun attestasiya qiymətinə təsir edəcək. Yaradıcı ixtisaslarda buraxılış işinin müdafiəsi tələbələrin seçimi əsasında iyulun 5-dən başlayaraq ənənəvi, müvafiq cədvələ uyğun olaraq (sanitar-gigiyenik qaydaları gözləməklə) və ya ümumi orta müvəffəqiyyət göstəricisinin nəticələrinə əsasən keçiriləcək. Həmin ixtisaslarda (əcnəbi tələbələr də daxil olmaqla) ixtisas dərslərinin plastik poza nümayişçilərindən istifadə etməklə onlayn şəkildə aparılması mümkün olmadığına görə rəsm, rəngkarlıq, kompozisiya fənləri üzrə qiymətləndirmə əvvəlki semestrin ümumi orta müvəffəqiyyət göstəricisinə uyğun aparılacaq.
Təhsil haqqı borcu olan bakalavr və magistr pilləsinin tələbələri dövlət imtahanı və yekun buraxılış işinin müdafiəsinə buraxılmayacaq. Yekun attestasiya və ya aralıq qiymətləndirmədə iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət almış tələbələr üçün avqust-sentyabr aylarında növbəti semestr başlayana qədər imtahan sessiyası təşkil olunacaq. Əlavə olaraq tələbə hər bir semestrdə fənni (fənləri) dinləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər. Bütün hallarda imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin (aparıldığı halda) nəticələri nəzərə alınacaq və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunacaq. Təkrar imtahan üçün ödəniş tələb olunmayacaq.
Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən ediləcək. Yaz semestrinin nəticələrinə görə akademik borcu yaranmış və akademik borcu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək.
İmtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “Koronavirus infeksiyası (COVID-19) profilaktikasına dair metodik göstərişlərə” ciddi riayət olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər