Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarının qalibləri açıqlanıb

Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarının qalibləri açıqlanıb Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə keçirilən Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi konfransları öz işini yekunlaşdırıb.
Bildirilib ki, onlayn konfranslara BANM-in professor-müəllim heyəti və tələbələri, həmçinin respublikanın müxtəlif universitetlərindən 100-dək iştirakçı qatılıb. Konfransın alt bölmələri üzrə ayrı-ayrılıqda bağlanış mərasimi keçirilib və qaliblər elan olunub.
Bağlanış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirak edib, qalibləri təbrik edərək hər bir iştirakçıya təşəkkürünü bildirib.
Vurğulanıb ki, “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının “Mütərəqqi materiallar və polimerlər” bölməsində I yerə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ), II yerə Bakı Ali Neft Məktəbi, III yerə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti layiq görülüb. “Neft-qaz və neft-kimya prosesləri” bölməsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti I yerin, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı II yerin, Bakı Ali Neft Məktəbi III yerin qalibi olub. “Ekoloji problemlər və biotexnologiya” bölməsi üzrə I və II yerləri müvafiq olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Dövlət Universiteti, III yeri isə Bakı Ali Neft Məktəbi və AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu bölüşüb.
Poster təqdimatında Bakı Ali Neft Məktəbi və AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu I yerdə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti isə II və III yerdə qərarlaşıb. Həmçinin “Qazıntı və bərpaolunan enerji” konfransının Neft-qaz mühəndisliyi bölməsinin qalibi Bakı Ali Neft Məktəbi (I, II və III yer) olub. Belə ki, ali məktəbin tələbələri Jalə Məmmədova, Elvin Qaraşlı I yer, Fərdin Vətəni II yer, Türkan Əliyeva və Katib Əliyev isə III yerin sahibi olublar.
“Proseslərin avtomatlaşdırılması və informasiya təhlükəsizliyi – 2020” konfrans çərçivəsində keçirilən “Sistemli analiz, modelləşdirmə və verilənlərin emalı” bölməsi üzrə I və II yerlərdə Bakı Ali Neft Məktəbi, III yerdə isə ADA Universiteti qərarlaşıb. “Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin problemləri” bölməsi üzrə konfransın qalibi Bakı Ali Neft Məktəbi, II və III yerin sahibi isə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu olub. “İnformasiya, ölçmə, mexatronika və idarəetmə sistemləri” bölməsi üzrə üç yerin qalibi (1, 2, 3) Bakı Ali Neft Məktəbi olub. BANM-in tələbələri Hacalı Bayramov I, Eyvaz Nəcəfli, Əli Əsgərov, Rüstəm Məmmədli, Şəms Alıyeva II, Fərid Həmidov isə III yerin qalibi olublar. “İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni-intellektin sənayedə tətbiqi” adlı konfrans bölməsində I və II yerin qalibi ADA Universiteti, III yerin sahibi isə Bakı Ali Neft Məktəbi olub.
Qeyd edilib ki, ümumilikdə konfranslara Azərbaycanın 15-ə yaxın təhsil müəssisəsindən - ADA, Azərbaycan Dövlət İqtisad, Bakı Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan-Fransız (UFAZ), Bakı Mühəndislik, Xəzər, Sumqayıt Dövlət, Azərbaycan Texnologiyalar universitetlərinin, Milli Aviasiya Akademiyasının, AMEA-nın İdarəetmə Sistemləri və İnformasiya Texnologiyaları institutlarının, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbə və gənc tədqiqatçıları tezislər təqdim ediblər. Eyni zamanda, beynəlxalq konfransa İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin və Çinin Guangdong Texnologiya Universitetinin İdarəetmə Məktəbindən də tezislər təqdim olunub.
Xatırladaq ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş və bu il ilk dəfə beynəlxalq səviyyədə keçirilən I Beynəlxalq Tələbə Tədqiqat və Elm konfransları onlayn təşkil edilib.

Tehsil-press.az

Oxşar xəbərlər