ADA Universiteti payız semestrində tədris prosesi ilə bağlı planlarını açıqladı

ADA Universiteti payız semestrində tədris prosesi ilə bağlı planlarını açıqladı ADA Universitetində 2020-ci ilin payız semestrinin təlim-tədris prosesinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin verəcəyi qərardan asılı olacaq.
COVID-19 təhlükəsi davam edəcəyi halda universitetdə yaz və yay semestrlərində təcrübədən müvəffəqiyyətlə keçmiş onlayn üslub tətbiq olunacaq. Universitetdaxili sorğu göstərib ki, tələbələrin 85 faizinin onlayn təhsili müsbət və ya qənaətbəxş hesab edilib. Müxtəlif onlayn platformalar arasında tələbələrin 90 faizi, professor-müəllim heyətinin isə 65 faizi universitetin istifadə etdiyi “Blackboard Collaborate” platformasına üstünlük verirlər. Növbəti tədris ilindən etibarən təlim-tədrisin keyfiyyətini artırmaq məqsədilə əlavə rəqəmsal texnologiyalar istifadə olunacaq və onların açdığı imkanlardan istifadə edərək daha çox xarici müəllimlər cəlb olunacaqlar.
Universitet pandemiya ilə bağlı tələbələrin maliyyə çətinliyini nəzərə alaraq, bütün tələbələrin payız semestri üzrə təhsil haqqına 15 faiz güzəşt elan edib. Bundan başqa, aztəminatlı ailələrdən olan tələbələrə universitetin xüsusi yardım fondundan əlavə güzəştlər olunacaq.
“Tələbələrimizin bir hissəsinin maliyyə dəstəyinə ehtiyacı olduğundan xəbərdarıq. Bu səbəbdən də maliyyə imkanları məhdud olan tələbələrimiz ehtiyac əsaslı təqaüdlərlə təmin ediləcəklər”, - deyə ADA Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib.
Qeyd edək ki, ADA Universiteti payız semestrindən etibarən üç xarici universitet - Rusiyanın MGIMO, ABŞ-ın Corc Vaşinqton və Fransanın CEFAM universitetləri ilə beynəlxalq ikili diplom proqramını həyata keçirəcək.

Tehsil-press.az

Oxşar xəbərlər