Turizm sahəsində pilot peşə təhsil proqramlarına tələbə qəbulunun müsahibə mərhələsi aparılır

Turizm sahəsində pilot peşə təhsil proqramlarına tələbə qəbulunun müsahibə mərhələsi aparılır Turizm sahəsində pilot peşə təhsil proqramları üzrə qəbul üçün qeydiyyatdan keçən tələbələrin müsahibə mərhələsinə həsr olunan vebinar keçirilib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkil etdiyi vebinarda işəgötürənlərlə birgə həyata keçirilən pilot peşə proqramlarının müsahibə mərhələsi haqqında geniş məlumat verilib.
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris istehsalat işləri üzrə direktor müavini Kifayət Bayramova bildirib ki, mərkəzdə pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üzrə tələbə qəbulunun müsahibə mərhələsi aparılır. O qeyd edib ki, pilot proqramları çərçivəsində tam orta təhsil bazasından aşpaz və mehmanxana inzibatçısı ixtisasları üzrə 1 illik texniki peşə təhsili pilləsinə ümumilikdə 156 namizəd qeydiyyatdan keçib. Onlardan 102 nəfəri aşpaz, 54 nəfəri isə mehmanxana inzibatçısı ixtisasını seçib. Bu namizədlərdən 89-u artıq müsahibə mərhələsindən keçib. Turizm ixtisasları üzrə pilot peşə proqramlarına müraciət edənlərin 10 faizi ali təhsilli namizədlər olub.
“JW Marriott Absheron Baku” otelinin İnsan resursları şöbəsinin müdiri Sevinc Purvis diqqətə çatdırıb ki, əvvəlki illərin təcrübəsi də göstərir ki, bəzən peşə təhsili üzrə təsadüfi müraciətlər də olur. Lakin gələcəkdə belə problemlərlə qarşılaşmamaq üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində “Açıq qapı” günlərinin keçirilməsi planlaşdırılır. Bu da peşə təhsili almaq istəyənlərin peşə ilə birbaşa, yerində tanış olmasına imkan verəcək.
“Af Hotel City”nin icraçı direktoru Tahir Məmmədov vurğulayıb ki, peşə təhsili müəssisələri mövcud ixtisaslar üzrə işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq qurmalıdır. İstər qəbul, istərsə də tədris prosesində işəgötürənlər də iştirak etməlidirlər.
“Boulevard Side Hotel”in İnsan resursları üzrə direktoru Nərminə Quliyeva peşəyönümü işinin yaxşı təşkil olunmasının əhəmiyyətindən bəhs edib. O bildirib ki, namizədlər peşələr haqqında hərtərəfli məlumat alsalar, ixtisas seçimində yanlışlıqlara yol verilməz.
“Azərbaycan Aşpazlar Gildiyası”nın vitse-prezidenti Anar Qasımov qeyd edib ki, turizm sahəsini seçən namizədlərin dil biliklərinə də üstünlük verilməlidir. Bu sahəni seçənlərin nəzəri bilikləri ilə yanaşı, praktiki bacarıqlarının olmasına da diqqət yetirilməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər