
"Koronavirus pandemiyasının psixoloji problemləri" müsabiqə
Dünyanı hədəf almış, həyat tərzimizi dəyişdirən koronavirus (COVID-19) pandemiyası təhlükəsinin miqyasını dərk edərək və mövcud şəraitdə gənclərin fərdi inkişafının, boş vaxtlardan səmərəli istifadənin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Dillər Universiteti nəzdində Konfutsi İnstitutu karantinin qüvvədə olduğu dövrdə əlverişsiz emosional vəziyyətlərin profilaktikası üzrə ən yaxşı psixoloji tövsiyələr" müsabiqəsi elan edir. Müsabiqədə həm peşəkar psixoloqlar, həm həkimlər, polislər, müəllimlər, insanlarda əlverişsiz psixi vəziyyətlərin təzahürləri ilə üzləşən sosial işçilər də iştirak edə bilərlər. Tövsiyələrdə karantin dövründə insanlarda yaranan müxtəlif emosional vəziyyətlərin izahı ilə bağlı məsələlər işıqlandırılmalı, həmçinin stressin azaldılması, narahatlığa nəzarət, cari işlərdə məhsuldarlığın qorunması üçün məsləhətlər verilməlidir.
İşlər aşağıdakı mövzularda təqdim edilə bilər:
1.Özünü təcrid zamanı insanın psixi vəziyyəti;
2.Məsafədən tədris rejiminə keçərkən və müvəqqəti evdə olarkən tələbələrə tövsiyələr;
3.İmtahanlara psixoloji hazırlıq;
4.Risk qrupunun nümayəndələrinə psixoloji yardım;
5.Koronavirusa görə narahatlıq keçirən yeniyetmələr üçün tövsiyələr;
6.Karantin dövründə məktəbəqədər və kiçik məktəblilərin valideynləri üçün məsləhətlər;
7.Karantin dövründə əlverişsiz emosional vəziyyətlərin qarşısının alınması üçün Çinin təcrübəsi.
Müsabiqədə iştirak edəcək şəxslər özləri barədə məlumatı (adı, soyadı və əlaqə nömrəsi əlavə olunmaqla) Azərbaycan və ingilis dilində 31 avqust 2020-ci il tarixinə qədər elektron poçta ([email protected]) göndərməlidir. Seçilmiş işlər xüsusi nəşrdə dərc olunacaq. Qaliblər diplom və mükafatlarla təltif olunacaqlar.
Tehsil-press.az