Konfutsi İnstitutu “Çin təqvimi üzrə Yeni il @ Bakı” adlı tədbirdə iştirak edib

Konfutsi İnstitutu “Çin təqvimi üzrə Yeni il @ Bakı” adlı tədbirdə iştirak edib Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Azərbaycan Milli Xalça Muzeyində Çinin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən “Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlərdə iştirak edib.
Çinin ölkəmizdəki səfiri xanım Qo Min çıxışı zamanı Çinin Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib və bu silsilə tədbirlərin iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Silsilə tədbirlər çərçivəsində ADU-nun Konfutsi İnstitutunun müəllimləri tərəfindən Qədim Çin çaydəmləmə mərasimi, Çin kağızkəsmə sənəti, pəncərələrin bəzədilməsi, sehrli Çin ilmələri, pandanın hazırlanması, Çin fənərləri, ənənəvi açıqcaların heroqliflərlə yazılması və Pekin opera maskalarının bəzədilməsi kimi maraqlı ustad dərsləri keçirilib. Çin dilindən tərcümədə onlara ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri kömək ediblər. Ustad dərsləri ilə yanaşı, bu mövzuda videoçarxlar nümayiş olunub. Konfutsi İnstitutunun müəllimləri, həmçinin Çin incəsənəti mövzusunda mühazirə təşkil ediblər.
ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycanla Çin arasında mədəni sahədə mübadilə ilə bağlı məsələlərdən bəhs edib. O bildirib ki, Konfutsi İnstitutu Çin mədəniyyətinin ölkəmizdə təbliği ilə bağlı əlindən gələni əsirgəmir, ölkəmizdə Çinin mədəni irsinin qorunduğu müəssisələrlə əməkdaşlıq çərçivəsində bu ölkənin ənənəvi bayramlarının qeyd edilməsinə dəstək olur.

ADU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər