Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir

Vüqar Rəhimzadə: Dövlət siyasətində insan amili prioritetdir Dünyanı bürüyən koronavirus infeksiyasının ölkələrin iqtisadi və sosial durumuna təsiri inkaredilməzdir. Mübarizə tədbirlərinə başlandığı gündən hər bir dövlət öz imkanlarından maksimum istifadə etməklə yaranmış vəziyyətdən çıxmaq üçün yollar axtarır. Azərbaycan dövlətinin ilk gündən atdığı addımlar bu itkilərin miqyasının genişlənməməsini stimullaşdırdı. Belə ki, dövlətimizin başçısı İlham Əliyevin “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixli Sərəncamı, bu sənədin icrası ilə bağlı 4 sektoru və 20 fəaliyyət sahəsini əhatə edən 10 proqramın icrasına başlanılması ölkəmizin möhkəm iqtisadi bazaya malik olduğunu, məhz bu bazaya əsaslanaraq genişmiqyaslı iqtisadi və sosial paket həyata keçirdiyini bir daha təsdiqlədi. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3.5 milyard manatdır. Pandemiya ilə əlaqədar sosial dəstək tədbirləri 5 milyona yaxın vətəndaşı əhatə edir. Prezident İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, genişmiqyaslı iqtisadi və sosial paket həm iqtisadi sahədə artan dinamikaya müsbət təsir göstərəcək, eyni zamanda, həssas təbəqəyə aid olan vətəndaşları bu böhrandan qoruyacaq.
Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.
V.Rəhimzadə qeyd edib ki, koronavirus infeksiyasının yaratdığı çətinliklərə baxmayaraq ölkəmizdə islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır: "Atılan addımlar ölkə iqtisadiyyatının möhkəm təmələ əsaslandığını böyük əminliklə söyləməyə əsas verir. 2003-cü ildən bəri enerji sektorundan asılılığın minimuma endirilməsi prioritet məsələ kimi öndə saxlanıldı. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri günümüzün reallıqlarında öz əksini tapır. Belə ki, regionların inkişafı öz prioritetliyini qorudu. Dövlətimizin başçısı İlham Əliyevin regional inkişaf proqramların icrası ilə yaxından tanışlıq, eyni zamanda, vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq məqsədilə bölgələrə davamlı səfərləri, hər bir səfərin yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalması bir daha bu reallığı təsdiqləyir ki, insan amili dövlət siyasətinin əsasında dayanır. Ölkəmiz hər bir çətinlikdən uğurla çıxmaq üçün malik olduğu inkişaf modelinin nümunəviliyini bir daha dünyaya nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev cari ilin əvvəllərində bu əminliyi ifadə etmişdir ki, 2020-ci il də bir çox sahələri əhatə edən dərin islahatlar dövrü kimi yadda qalacaq".
Diqqəti pandemiya dövründə məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirlərin nəticəsində əldə olunan sosial-iqtisadi göstəricilərə yönəldən V.Rəhimzadə qeyd edib ki, bu müddətdə dövlət və özəl sektorda muzdla çalışanların iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığının verilməsi və artıq 320 min şəxsin bu dəstəkdən yararlanması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatlarının qurulması işlərinin həyata keçirilməsi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə bu yardımın müddətinin uzadılması, ünvanlı sosial yardım alan ailələrin sayının artmaqda davam etməsi, həmçinin sərt karantin rejimi dövründə yaşı 65-dən yuxarı olan vətəndaşların sağlamlığının qorunması məqsədilə evdə qalmalarının təmin olunması üçün onlara sosial xidmətlərin göstərilməsi, 15 mindən çox tənha yaşlının sosial xidmətlərlə əhatə olunması və sair deyilənlərin bariz nümunəsidir.
"Qeyd etdiyimiz kimi, pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı ilk gündən Azərbaycan ən böyük iqtisadi dəstək proqramını - pandemiyanın iqtisadiyyata mənfi təsirini minimuma endirəcək, makroiqtisadi sabitliyi qoruyacaq, vətəndaşların sosial müdafiəsini təmin edəcək paket hazırlayıb icrasına start verməklə bir daha iqtisadi və sosial imkanlarını təqdim etdi" söyləyən V.Rəhimzadə vurğulayıb ki, son 16 ildən artıq dövrün sosial-iqtisadi göstəriciləri Azəbaycanın hər bir çətinlikdən uğurla çıxmasının aydın mənzərəsini yaradır: "2008-ci ildən dünyanı bürüyən iqtisadi və maliyyə böhranından Azərbaycanın hansı nəticələrlə çıxdığını yada salmaq kifayətdir. Həmin illərdə ölkəmiz iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Bunu şərtləndirən əsas amil isə yenə də iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması idi. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız 52 milyard dollar təşkil edir. Yoxsulluq həddi 49 faizdən 4,8 faizə enib. Təbii ki, bu nailiyyətlər dövlətimizin uğurlu, təkmil sosial-iqtisadi islahatlarının, insan amilinə verilən dəyərin, iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanmasının nəticəsidir".
V.Rəhimzadə bildirib ki, pandemiya dövründə dövlətimizin başçısı İlham Əliyev ilk gündən iş yerlərinin sayının azaldılmamasını qarşıya əsas hədəf kimi qoydu: "Bu məqsədlə işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlıları əhatə edən birdəfəlik ödəmə proqramı həyata keçirilib. Prezident İlham Əliyev daim bu çağırışı edir ki, ölkənin sosial-iqtisadi vəziyyəti əhalinin demoqrafik vəziyyəti ilə uyğunlaşmalı, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Möhtərəm Prezidentimizin tapşırıqları məhz 20 fəaliyyət sahəsini əhatə edən 10 yardım proqramının icrasına yol açdı. Bu sənədlərin hər birinin əhatə etdiyi istiqamətlərdə əldə ediləcək nəticələr cari ilin əvvəlində dövlətimizin başçısı İlham Əliyevin 2020-ci illə bağlı nikbin fikirlərinin reallıqda təsdiqi olacaq".
Baş redaktor belə bir ümumiləşdirməni aparıb ki, dövlət tərəfindən iqtisadiyyatın sabitləşməsi üçün bütün zəruri addımlar atılıb və hazırda atılmaqdadır: "Pandemiya dövründə «ASAN xidmət», DOST mərkəzlərinin coğrafiyasının genişləndirilməsi də diqqətdən kənarda qalmır. Əsas məqsəd insanların sosial müdafiəsini gücləndirmək, rahatlıqlarını təmin etmək, ən əsası vətəndaş məmnunluğunun artırılmasıdır. Möhtərəm Prezidentimizə ünvanlanan təşəkkür məktublarında da ölkə vətəndaşları bu məqamı xüsusi qeyd edirlər ki, atdığı hər addımında xalqını düşünən, ən çətin anlarda belə vətəndaşının yanında olan Prezidentimizə milyonların sevgisi günümüzün reallığıdır. Məhz dövlət-vətəndaş birliyinin, həmrəyliyinin möhkəmlənməsi fonunda koronavirus bəlasından uğurla çıxacaq, postpandemiya dövrü üçün hədəflənmiş məqsədlərə yüksək səviyyədə nail olacağıq. Reallıq budur ki, Azərbaycan bu çətin anlarda da sosial dövlət imicini qoruyur və bu imicə yeni əlavələr edir".

Tehsil-press.az

Oxşar xəbərlər