Azərbaycan rəhbərinin zəkası, çevikliyi və xalq sevgisi dünyada misilsiz bir örnəyə çevrilib

Azərbaycan rəhbərinin zəkası, çevikliyi və  xalq sevgisi dünyada misilsiz bir örnəyə çevrilib Bu ilin ilk aylarından bütün dünyada insanları gərginlik içində saxlayan koronavirus pandemiyasının xalqımızı da həyacanlandırıb məyus etməsinə baxmayaraq, bu gözəgörünməz düşmənə qarşı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan ümumdövlət miqyaslı mübarizə xalqımızda hər şeyin xoşluqla bitəcəyinə əminlik və sabaha daha güclü inam yaradıb.
Dünyanı sürətlə bürüyən bu bəla ölkəmizin sərhədlərinə yaxınlaşmazdan əvvəl xalqımızın ölümsaçan təhlükədən qorunması son iki ayda dövlət başçısının gündəlik fəaliyyətinin ən üstün yönünə və sahəsinə çevrilib. Koronavirusun yaratdığı irimiqyaslı böhranın başlanğıcından Azərbaycanda həm əhalinin təhlükəsizliyinin təmin olunması, həm də iqtisadiyyatın çökməsinin qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevin gerçəkləşdirdiyi zəruri, təxirəsalınmaz və kompleks tədbirlər, haqlı olaraq, xalqımızda dərin razılıq və minnətdarlıqla qarşılanıb.
Ötən dövrdə dünyaya baxın gördüyümüz həqiqət budur ki, bir sıra qabaqcıl ölkələr koronavirusla mübarizədə çətinlik çəkir. Lakin Azərbaycan öz müdrik liderinin çevikliyi və bacarığı ilə öz həqiqətini ortaya qoyub. Azərbaycan rəhbərinin bu təhlükənin sovuşdurulması ilə bağlı çevik reaksiyası, məqsədyönlü addımları, zamanında verdiyi qərarlar sayəsində ölkəmiz pandemiyadan ən az zərər çəkən az sayda ölkənin sırasındadır. Hamımıza yaxşı məlumdur ki, 30 ildən artıq bir müddətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycana gətirdiyi hədsiz bəlalar və hesabagəlməz itkilər dostlarımızı kədərləndirdiyi kimi, heç də az olmayan düşmənlərimizi də məmnun salmışdır. İndi dünyada elə qəddar qüvvə və dairələr var ki, onlar xalqımızın bu pandemiyadan böyük itkilər verməsini sevinclə qarşılayarlar. Belə bir şəraitdə Prezident İlham Əliyev əfsanəvi qəhrəmanlar kimi gecəli-gündüzlü öz xalqının nicatı uğrunda mübarizənin önündədir.
Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” imzladığı operativ sərəncamın icrası ilə əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı ölkə başçısının gündəlik nəzarəti altında uğurla həyata keçirilir. Bu cari proqram xarakterli sənəddə sosial müdafiə tədbirlərinin gücləndirilməsinə və əhalinin sağlamlığının qorunmasına daha da geniş yer ayrılması hamımızda xüsusi razılıq doğurub.
Dövlət başçısının bu misilsiz mübarizədə zəhmət çəkən, hamımızın sağlamlığını qoruyan tibbi heyətin, qarantin rejiminin keşiyində dayanan polis əməkdaşlarının, hərbçilərin, iş başında olan dövlət qurumları işçilərinin əməyini yüksək dəyərləndirməsi öz səmərəsini verməklə yanaşı, xalqımızın böyük məmnunluğuna da səbəb olub.
Ümummilli lider Heydər Əliyevin fomalaşdırdığı tarixi əsaslar üzərində Prezident İlham Əliyeviv 17 ildən bəri böyük bir uzaqgörənlikilə yaratdığı möhkəm iqtisadi baza və zəruri ehtiyatlar bu ağır günlərdə ölkəmizin lazımi tədbirləri gen-bol həyata keçirməsinə imkan verir. Azərbaycanın dayanıqlı inkişaf yolunda olması gözlənilən itkiləri minimuma endirir. Xalq əmindir ki, ölkə rəhbərinin apardığı uğurlu sosial-iqtisadi siyasət dövlətimizi ağır vəziyyətə düşməkdən qoruyacaq, iqtisadiyyatımız yüksəlişini davam etdirəcək.
Ölkə başçısı sahibkarlığın inkişafını, iş adamlarına dövlət dəstəyini həmişə prioritetlərdən hesab etdiyi kimi, bugün də onlara arxa-dayaqdır. Belə bir gərgin şəraitdə Prezidentin sahibkarlığa dövlət qayğısının artırılması üçün atdığı növbəti addım bunu yenidən sübut etdi. Azərbaycanın tətbiq etdiyi qabaqlayıcı tədbirlərin dünyanın əksər ölkələrində də təqdir olunması və bizim təcrübəmizdən istifadə edilməsi müstəqil dövlətimizin düşünülmüş və gələcəyə hesabalanmış siyasətinin uğurlarının daha bir göstəricisidir. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər də maneəsiz həyata keçirilir. Xüsusilə karantin pejimi dövründə məşğulluq orqanlarının fəaliyyətinin gücləndirilməsi məsələsi də ciddi nəzarətdə saxlanılır.
Bütün bunlar görə biz ziyalılar, qələm sahibləri də dərin minnətdarlıqla deyirik: Cənab Prezident, Siz qarşıya çıxan hər bir ekstremal vəziyyətlərdə daim xalqın yanında olmuş, vətəndaşların hər bir probleminə son dərəcə böyük həssaslıqla yanaşmısınız. Azərbaycan xalqına, əsasən də bu gün xüsusi qayğıya ehtiyacı olan ahıllara və aztəminatlı ailələrə öz əziziniz kimi qayğı göstərməklə xalqın hər bir nümayəndəsinin Prezidenti olduğunuzu yenidən ən yüksək səviyyədə sübut etdiniz.
Əziz Prezidentimiz, Siz həmişə olduğu kimi bu dəfə də xalqımızı inadırdınız ki, biz, həqiqətən, birlikdə güclüyük. Sizin həyata keçirdiyiniz tədbirlər planı hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və dövlət qayğısı ilə əhatə olunan xalqımız bu gün ozünü həmişəkindən daha güvənli hiss edir. Sizə inanırıq və siyasətinizi daim dəstəkləyirik. Bütün mübarizələrin önündə gedən jurnalistlər ordusu həmişə sizinlədir.

Mədət MƏMMƏDOV,
“Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi”
İctimai Birliyinin sədri




Oxşar xəbərlər