Məktəbləri açmaq nəyə görə çətindir?

Məktəbləri açmaq nəyə görə çətindir? Dünya ölkələrində fərqli açılışlar
Sentyabrda dünyanın bir sıra ölkələrində yeni tədris ili başlayır. Lakin bir sıra ölkələrdə davam edən pandemiya şəraitində məktəblərin necə açılması məsələsi hələ də həllini gözləyir.
Uşaqların yazda məktəbə qayıtması təcrübəsi hər yerdə uğurlu olmadı, amma sözsüz ki, mənfi təcrübələr növbəti səhvlərin qarşısını almaq və yeni təhlükəsizlik tədbirlərini inkişaf etdirmək baxımından faydalıdır.
YUNESKO-ya görə, 2020-ci il martın sonunda COVID-19 pandemiyası səbəbindən 190 ölkədə ibtidai və orta məktəblər bağlandı, nəticədə 1,5 milyarddan çox uşaq, həmçinin yeniyetmənin təhsil prosesi dayandırıldı. Distant təhsil müvəqqəti seçim kimi yararlı oldu, lakin müəllimlər və psixoloqlar bu fikirdədirlər ki, uşaqları evdə uzun müddət saxlamaq olmaz, onların məktəbə getməsi, həmyaşıdları və müəllimləri ilə ünsiyyət qurmaları lazımdır; şagirdlərin inkişafı və gələcəyi bundan asılıdır.
ABŞ-ın Xarici Əlaqələr Şurasının (CFR - Xarici Münasibətlər Şurası) portalında yayımlanan məqalədə müxtəlif ölkələrdə karantin tətbiq olunduqdan sonra məktəblərin normal fəaliyyətini davam etdirməsi təcrübəsi araşdırılır.
Məktəblərin açılmasının çətinliyi nədir?
İndiki situasiyada ən vacib sual budur: dərslərin bərpasından sonra şagirddə və ya müəllimdə COVID-19 üzrə test müsbət olarsa, nə etməli?
Heç kim növbəti dəfə yoluxmanın kəskin artımının olub-olmadığını dəqiq deyə bilməz. Hələlik açıqlanmamış səbəblərdən (o cümlədən, Almaniya, Danimarka, Vyetnam, Yeni Zelandiya) bir çox dövlətlərdə belə artım müşahidə olunmayıb.
İsrail və Cənubi Koreyada isə əksinə, ən pis ssenari baş verib - məktəblər açılışdan dərhal sonra koronavirus infeksiyasının yeni ocağına çevrilib. Ekspertlər İsrail məktəblərində pandemiyanın yeni dalğasının əsas səbəbinin məhdudiyyətlərin həddindən artıq tələsik ləğv olunmasını göstəriblər.
ABŞ-ın Xarici Əlaqələr Şurası hesab edir ki, siniflərin kiçik qruplara bölünməsi və sosial məsafə təcrübəsi tələsik ləğv olunub. İndi İsrail birinci mərhələdən daha güclü ikinci infeksiya dalğasını yaşayır, bu isə təhsil sahəsində yanlış qərarların nəticəsi kimi qiymətləndirilir.
Hazırda İsraildə yeni alqoritm hazırlanıb - COVID -19 halları müəyyən edilmiş məktəblər iki həftəliyə bağlanır və bütün müəllimlər, tələbələr karantinə göndərilir. Almaniyada, harada ki, yoluxma səviyyəsi ümumiyyətlə aşağıdır, yanaşma başqadır: dərslər davam edir, karantinə isə yalnız o şəxslər göndərilir ki, virusa yoluxmuş insanlarla ünsiyyətdə olublar.
Əlavə vəsait qoyuluşu
Pandemiya şəraitində məktəblərin açılması baha başa gəlir. Epidemioloqların tələbi ilə təhsil müəssisələrinin istifadəsində kifayət qədər yuyucu və dezinfeksiyaedici vasitələr olmalı, şagirdlər, müəllimlər və digər əməkdaşlar maskalarla təmin edilməlidir. Məktəb binalarında ventilyasiya sistemləri yaxşılaşdırılmalı və əllərin yuyulması üçün əlavə su çanaqları ("moyka") qoyulmalıdır.
Məktəblərin xərcləri həm də ona görə artır ki, sinifləri daha kiçik hissələrə ayırmaq məcburiyyəti əlavə müəllimlər işə götürməyi tələb edir. İlkin hesablamalara görə, ABŞ-ın 3200 şagirdi olan təkcə bir məktəb dairəsində təhlükəsizlik tədbirlərinin tətbiqi 1,8 milyon dollara başa gəlir, bu, hər bir uşaq üçün təxminən 565 dollar (480 avroya) yatırım deməkdir.
Yeni şəraitdə müəllimlərə, xüsusilə də tədris prosesinin tez-tez oyun formasında davam etdiyi kiçik siniflərdə dərs demək çətindir. Müəllimlər üçün şagirdlərdən virusa yoluxmaq riski də böyükdür. Böyüklər üçün xəstəlik daha ağırdır, buna görə də yeni tədris metodlarını inkişaf etdirmək və təhlükəsizlik tədbirlərini daim yadda saxlamaq lazımdır.
Hansı tədbirlər tətbiq olunur?
Qoruyucu maskalardan istifadə.
Tədqiqatlar göstərir ki, bu, infeksiya ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər. Bir çox məktəb birbaşa tələb edir ki, həm təhsilalanlar, həm də müəllimlər sinifdə dərs zamanı maskada olsunlar. Tayvanda məktəblərin əksəriyyəti karantin üçün bağlanmadı və dövlət hər iki həftədən bir məktəbə uşaqlar və böyüklər üçün yeni maskalar paketi göndərməkdə davam edir.
Temperaturun ölçülməsi. Bir çox məktəblərdə bu da məcburi tələbdir. Yüksək temperaturu olan uşağın məktəbə gəlişinə icazə verilmir. Uşaqların temperaturunu təmassız termometrin köməyi ilə məktəbin girişində yoxlayır, valideynlərdən də evdə anoloji temperatur dəyişikliyini yoxlamağı xahiş edirlər.
Fiziki məsafə. Məktəb administrasiyaları bu tələbə riayət etmək yollarını müəyyən edirlər - tədris masalarını bir-birindən daha uzaqda yerləşdirir, siniflərdə şəffaf plastik baryerlər quraşdırır, ümumi istifadə yerlərini bağlayırlar. Şagirdlər və müəllimlər arasında ən azı 2 metr məsafə saxlamağa çalışırlar. Honkonq məktəblərində, məsələn, yeməkxana bağlanıb, nahar üçün yeyəcəklər evdən gətirilir.
Uşaqları, xüsusilə balacaları bir-birindən lazımi məsafədə saxlamaq çətindir. Buna görə Danimarka məktəblərində, məsələn, bu tələbə əməl edilmir. Orada kiçik qruplar formatından istifadə olunur. Bir qrupdan olan uşaqlar eyni vaxtda məktəbə gəlirlər, bütün günü bir otaqda və ya bir oyun meydançasında olurlar; bütün günü onlarla yalnız bir müəllim məşğul olur. Onlardan biri yoluxsa, infeksiyanı izləmək və təcrid etmək daha asandır.
Pandemiya zamanı məktəblər necə dəyişir?
Kiçik siniflər.
Ekspertlər kontaktları azaltmaq üçün sinifdə şagird sayını 10-12-yə endirməyi təklif edirlər. Adi bir məktəb sinfində 30 və ya daha çox uşaq ola bilər, buna görə təhsil idarəçiləri müəyyən tədbirlər görməlidir. Bəzi məktəblərdə şagirdlərin bir hissəsi üçün tədris bazar ertəsi və cümə günləri, digərləri üçün isə çərşənbə axşamı və cümə günlərini əhatə edən şahmat proqramları işlənib hazırlanıb. Tokioda dərslər iki qrupa bölünüb, şagirdlər səhər və günorta yeməyindən sonra iki növbədə dərslərdə iştirak edirlər.
Həssas qruplar üçün prioritetlər. Danimarkada ilk olaraq 12 yaşdan kiçik uşaqlar üçün məktəblər açılıb: hesab edilir ki, onlar daha az yoluxma riskinə məruz qalırlar, yuxarı sinif şagirdləri ilə müqayisədə onlar interaktiv əyani təhsildən daha böyük fayda əldə edirlər. Uruqvayda ilk olaraq kənd rayonlarından olan uşaqları və müxtəlif səbəblərdən uzaqdan təhsil ala bilməyənləri məktəbə qaytarıblar.
Açıq havada dərslər. Bəzi məktəblər infeksiya riskini azaltmaq üçün dərslərin bir hissəsini hava şəraiti imkan verdiyi qədər məktəb binalarının xaricində keçdilər.
Koronavirus analizləri. Məktəblərdə müntəzəm testlərin aparılması halları hələlik nadirdir. Məsələn, Almaniyada bir məktəb bu mənada nümunə ola bilər. Bu məktəbdə həftədə iki dəfə şagirdlərə və müəllimlərə pulsuz test dəstləri təklif olunur (onlar evdə özlərini test edirlər). Lüksemburqda isə may ayında dərslərin bərpasından əvvəl təxminən altı min yuxarı sinif şagirdi və iki min müəllim sınaqdan keçirildi.
Alimlər razılaşırlar ki, internetdə öyrənmə məktəbdə əyani məşğələləri tam kompensasiya edə bilməz. Tədqiqatlar göstərir ki, karantin dövründə uşaqlar əldə etdikləri bilik və sosial bacarıqların bir hissəsini itiriblər.
Bununla belə, bəzi ölkələrdə hökumətlər riskə getməməyi və məktəblərin açılışını təxirə salmağı qərara aldılar. Filippində yeni dərs ilinin başlanğıcından etibarən səlahiyyətlilərin qərarı ilə uşaqlar effektiv bir vaksin əldə edilənə qədər məsafədən təhsil alacaqlar. Doğrudur, müəllimlər artıq 27 milyon məktəb yaşlı uşağın kompüter və ya internetə çıxışı olmadığı barədə narahatlıqlarını ifadə ediblər.
Bəlkə də ən radikal addım Keniya Təhsil Nazirliyi tərəfindən atılıb. Bu ölkə iyul ayında məktəblərin 2020-ci ilin sonuna qədər bağlanacağını elan edib. Şagirdlərə keçirillmiş materialı təkrarlamaq tövsiyə olunub.

Oruc MUSTAFAYEV

Oxşar xəbərlər