İslamşünaslıq ixtisasını seçənlərin müsahibə mərhələsi sentyabrın 16-dək davam edəcək

İslamşünaslıq ixtisasını seçənlərin müsahibə mərhələsi sentyabrın 16-dək davam edəcək Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) III ixtisas qrupu üzrə bakalavr pilləsinin islamşünaslıq ixtisasına qəbul olunmaq istəyən abituriyentlərin müsahibə mərhələsi aparılır.
Müsahibə sentyabrın 16-dək davam edəcək.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin (DİM) saytında müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyat avqustun 31-dən sentyabrın 2-dək aparılıb. Ümumilikdə 174 abituriyent qeydiyyatdan keçib.
Abituriyentlərin dünyagörüşü səviyyələrinin və islamşünaslıq ixtisasına maraqlarının müəyyənləşdirilməsi məqsədilə DİM tərəfindən Dini-Psixoloji Komissiya (DPK) yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və DİM-in əməkdaşları daxil ediliblər.
Müsahibə zamanı abituriyentlərin ümumi dini bilikləri, islamşünaslıq ixtisasına uyğunluqları, gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibətləri, insanlarla ünsiyyət bacarıqları, xitabət və natiqlik qabiliyyətləri qiymətləndirilir, psixoloji vəziyyəti, yaradıcı təfəkkür imkanları yoxlanılır.
Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə biləcəklər.
Qeyd edək ki, DPK ölkədə koronavirus (COVID-19) pandemiyasının daha geniş yayılmasının qarşısını almaq məqsədilə Operativ Qərargahın tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarına uyğun olaraq fəaliyyət göstərir.
Komissiya Bakı şəhəri Əhməd Cəmil, 41/A ünvanında – Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında təşkil olunur.
Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Aİİ Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəaliyyət göstərir. İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər tədris olunur.

Tehsil-press.az

Oxşar xəbərlər