Təhsil naziri Emin Əmrullayevin Bilik günü münasibətilə təbriki

Təhsil naziri Emin Əmrullayevin Bilik günü münasibətilə təbriki Təhsil naziri Emin Əmrullayev Bilik günü münasibətilə təbrik ünvanlayıb.
“Əziz şagirdlər, tələbələr, müəllimlər və valideynlər!
Bu gün, yeni tədris ilinin ilk günü hər birinizi salamlayır və 2020-2021-ci tədris ilində uğurlar arzulayıram. Qlobal pandemiya səbəbindən bu il dünyada, eləcə də ölkəmizdə yeni tədris ilinə fərqli formada başlamalı oluruq. Bu, təhsilalanlar, təhsilverənlər, eləcə də təhsil idarəçiləri üçün bir sıra çağırışlar və imkanlar yaradır.
Pandemiyanın yayılmasının qarşısının alınması və təsirinin məhdudlaşdırılması istiqamətində dövlətimizin başçısı tərəfindən mühüm qərarlar verilib. Hökumətimiz tərəfindən bu sahədə bir sıra səmərəli tədbirlər həyata keçirilməkdədir. Görülmüş tədbirlər nəticəsində təhsil ilimizi və tədrisimizi ehtiyatla və inamla bərpa edə bilirik.
Bildiyimiz kimi, karantin rejimində təhsil müəssisələrində tədrisin və təlim-tərbiyə prosesinin təşkili üzrə müvafiq qaydalar və təlimatlar hazırlanıb. Mövcud şəraitdə tədrisin bərpası və uğurlu davamı, təhsil sisteminin bütün iştirakçıları, o cümlədən şagirdlər, tələbələr, müəllimlər və valideynlərin bu qaydalara və təlimatlara riayət etməsindən asılı olacaq.
Yaranmış çətinliklərin öhdəsindən yalnız bir-birimizə dəstək olaraq gəlmək olar. İnanıram ki, hamılıqla qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olacağıq.
Yeni tədris iliniz mübarək olsun!”

Tehsil-press.az

Oxşar xəbərlər