Azərbaycanda təhsil sahəsində aparılan islahatlar ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir

Azərbaycanda təhsil sahəsində aparılan islahatlar ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir İstənilən cəmiyyətin, dövlətin inkişaf səviyyəsi onun üzvlərinin orta mədəni və təhsil səviyyələri ilə şərtlənir. Bunun fərqində olan dövlətlər büdcələrinin böyük qismini təhsil sahəsinə ayırırlar. Təhsilin əsas komponentləri təhsilalan və təhsilverənlərdir. Dövlətin funksiyası təhsilverənlərin sosial şəraitinin, təhsilalanlar üçün zəruri struktur və texniki şəraitin yaxşılaşdırılması, eyni zamanda, keyfiyyət işinə nəzarət etməkdir. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Son illərdə Azərbaycanda məktəb tikintisi istiqamətində çox böyük işlər görülüb və bu sahə daim ölkə rəhbərliyinin diqqətində olub. Müstəqillik illərindən bugünədək təhsil müəssisələrinin bir hissəsi yenidən tikilib və ya əsaslı təmir olunub, yeni məktəb korpusları istifadəyə verilib. İndiyədək məktəb binası olmamış bir sıra yaşayış məntəqəsində yeni məktəblər açılıb. Azərbaycan məktəb tikintisinə və təmirinə ayrılan büdcə vəsaiti baxımından dünyada öncül yerlərdədir. Ölkə rəhbərinin təhsilin inkişafı istiqamətində sərəncam və fərmanları, həyata keçirilən dövlət proqramları, bu sahədə aparılan islahatlar hər zaman xalqımız və təhsil ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkədə təhsil müəssisələrinin inşası, təmiri, bərpası və quruculuq işləri uğurla həyata keçirilir. Hər tədris ilində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yeni məktəb binalarının açılışı olur, müasir təhsil ocaqları müəllim və şagirdlərin istifadəsinə verilir. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində xüsusilə ucqar kəndlərdə məktəb şəraitinin yaxşılaşdırılması hər zaman diqqət mərkəzində olub. Bütün bunların nəticəsində Azərbaycan savadlılıq əmsalına görə (BMT indeksinə istinadən) hər zaman ilk beşlikdə qərarlaşıb.
Bu fikirləri 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyev söyləyib. O bildirib ki, bu gün Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır. Şagirdlərimiz geniş, işıqlı, hər cür zəruri tədris avadanlığı ilə təchiz olunan sinif otaqlarında təhsil alırlar. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərini təhlil etdikdə aydın olur ki, son illər müəllimlərin bilik səviyyələrin artırılması istiqamətində çoxsaylı tədbirlər həyata keçirilib. İşə qəbul imtahanları nəticəsində məktəblərə göndərilən müəllimlər artıq yüksək şagird və sinif nailiyyətləri ilə önə çıxırlar. Təhsilverənlərin sosial durumu əhəmiyyətli dərəcədə yaxşılaşıb, habelə təhsilin əlçatanlığı hər kəs üçün təmin edilib. Azərbaycanda məktəb olmayan yaşayış məntəqəsi qalmayıb. Dövlət bütün şagirdləri dərsliklərlə, xüsusi qayğıya ehtiyacı olan uşaqları isə bütün zəruri vasitələrlə tam təmin edir.
Məktəb şəbəkəsinin sıxlığı və texniki imkanları baxımından da beynəlxalq hesabatlara görə Azərbaycan ön sıralardadır. Son beynəlxalq qiymətləndirilmələrdə Azərbaycan şagirdlərinin bilik səviyyəsinin əvvəlki dövrlərə nisbətən daha da yaxşılaşdığı qeyd olunur. Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında, müxtəlif müsabiqə və yarışlarda yüksək nəticələr göstərərək onlarca qızıl, gümüş və bürünc medal qazanırlar. Təhsilin keyfiyyətinin artırılması istiqamətində görülmüş əsas işlərdən biri də tam orta təhsil səviyyəsində təmayülləşmənin həyata keçirilməsidir. Məktəblərin bir çoxunda təmayülləşmə tətbiq edilir. Məktəbə qəbul və şagird yerdəyişməsi sisteminin elektronlaşdırılması əvvəllər zəruri olan formativ sənədləşməni, bu prosesdə məktəb-valideyn ünsiyyətini azaldıb, vətəndaşların və məktəbin vaxt qənaətinə, neqativ halların kəskin azalmasına səbəb olub. Qeyd olunan bütün bu müsbət nəticələr, təbii ki, ölkə rəhbərliyinin təhsil sahəsinə ciddi nəzarətinin, eyni zamanda, qayğısının təzahürüdür. Dövlətimizin başçısının müxtəlif məktəblərin açılış və yubiley tədbirlərində səsləndirdiyi fikirlər, tezislər yerinə yetirilməli tapşırıq kimi təhsil ictimaiyyətinin qarşısında dayanır. Bu günədək görülmüş işlər görüləcək işlərin qarantı kimi çıxış edir. Təsadüfi deyil ki, hazırkı təhsil mənzərəsi fonunda Azərbaycan vətəndaşının müqayisə predmeti və hədəfi Finlandiya, Sinqapur kimi ölkələrin təhsil sistemləridir. Bu da sübut edir ki, Azərbaycan təhsili kifayət qədər inkişaf edib və artıq ondan gözlənilən ən yaxşı təhsil sistemi səviyyəsindədir.

Tehsil-press.az

Oxşar xəbərlər